Bakı. TurkicWorld:
2023-cü ilin noyabr ayında Türkiyənin İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 19 faiz artaraq, 70 milyon 396 min 167 nəfər olub.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 14 faiz artaraq 16 milyon 926 min 712 nəfər, beynəlxalq reyslər üzrə isə 21 faiz artaraq 53 milyon 469 min 455 nəfər təşkil edib.
Bu ilin noyabr ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq 2 milyon 418 min 130 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin noyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artıraraq, 206 min 810 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 3 faiz azalaraq, 2 milyon 211 min 320 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2023-cü ilin noyabr ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq, 465 min 254 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 17 faiz artaraq 117 min 784, beynəlxalq reyslər üzrə isə 21 faiz artaraq 347 min 470 olub.
2023-cü ilin noyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 199 milyon 648 min 144 nəfər, yük dövriyyəsi isə 3 milyon 873 min 596 ton təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.