BAKI, TurkicWorld
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran 29 noyabr – Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günü münasibətilə yaydığı müraciətdə Fələstində baş verənlərin bəşəriyyətin vicdanı, beynəlxalq hüquq və ümumi dəyərlər baxımından ağır sınaq olduğunu bildirib.
ArabAZ xəbər verir ki, bu haqda Duran sosial şəbəkə hesabında etdiyi paylaşımda qeyd edib.
“Fələstində baş verənlər yalnız bir xalqın məruz qaldığı zülm deyil, həm də bəşəriyyətin vicdanı, beynəlxalq hüquq və ortaq dəyərlərimiz üçün ağır sınaqdır. Fələstin xalqı illərdir işğal, təzyiq və sistematik hüquq pozuntuları şəraitində yaşamaq uğrunda mübarizə aparır. Qəzzadan Qüdsə, İordan çayının qərb sahilindən Fələstinin bütün bölgələrinə yayılan bu zülm bombardmanlar, ağır blokada şəraiti, məcburi köçürülmə, qanunsuz məskunlaşma fəaliyyəti və israilli məskunlaşanların terroru ilə daha da dərinləşir.
Qəzzada baş verən genişmiqyaslı dağıntılar, mülki əhali arasında itkilər və humanitar fəlakət qarşısında beynəlxalq ictimaiyyətin səssizliyi və təsirsizliyi ədalətin universallığını və beynəlxalq sistemin səmimiliyini şübhə altına alır. Artıq xoş arzularla kifayətlənməməyin, ikili standartlardan imtina etməyin və beynəlxalq hüququ hamıya bərabər şəkildə tətbiq etməyin vaxtıdır. Fələstində davamlı sülhün yolu işğala son qoyulmasından, ədalətin təmin edilməsindən və Fələstin xalqının qanuni hüquqlarının tam şəkildə tanınmasından keçir”. – deyə o yazıb.
Türkiyənin Fələstini müdafiə etməyə davam edəcəyini vurğulayan Duran “Türkiyə Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdiyi qətiyyətli iradəyə uyğun olaraq Fələstin xalqının haqlı tələblərini beynəlxalq platformalarda səsləndirməyə, ədaləti, haqqı və beynəlxalq hüququ müdafiə etməyə davam edəcək. 29 noyabr – Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günü münasibətilə bir daha vurğulayırıq ki, Fələstin xalqının azadlıq və ləyaqət uğrunda mübarizəsinə dəstək vermək bəşəriyyətin ortaq vicdanını müdafiə etmək deməkdir”.-deyə qeyd edib.






