BAKI,TurkicWorld
Qətər Əl-Əqsa məscidində vəziyyətin gərginləşdirilməsini və İsrail nazirlərinin rəhbərliyi ilə məscidin ərazisinə məskunlaşanların təkrar daxil olmasını kəskin şəkildə pisləyib. Doha bu addımların beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn pozulması olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Qətərin Xarici İşlər üzrə dövlət naziri Məhəmməd bin Əbdüləziz Əl-Xüleyfi bu fikirləri BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda keçirilən Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının birgə nazirlər toplantısında səsləndirib.
Əl-Xüleyfi Qətərin Qüdsün tarixi, hüquqi və demoqrafik xüsusiyyətlərini dəyişdirməyə, eləcə də şəhərdəki İslam və xristian müqəddəs məkanlarının statusuna xələl gətirməyə yönəlmiş tədbirləri qəbul etmədiyini bildirib. O, Qüds və müqəddəs məkanlarda birtərəfli qaydada yeni vəziyyət yaratmağa yönələn addımların beynəlxalq hüquq və BMT-nin müvafiq qətnamələri baxımından hüquqi qüvvəyə malik olmadığını vurğulayıb.
Qətər rəsmisi Əl-Hərəm Əş-Şərifin yalnız müsəlmanların ibadət məkanı olduğunu qeyd edib və Qüdsdəki İslam və xristian müqəddəs məkanları üzərində tarixi Haşimilər himayəsinə dəstəyi bir daha təsdiqləyib.
O, müqəddəs məkanların qorunması üçün ərəb və İslam ölkələri arasında birgə fəaliyyətin və koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb. Həmçinin avqust ayında Əmmanda keçirilmiş toplantının nəticələrinin həyata keçirilməsinə çağırıb.
Qətər Əl-Əqsa məscidində və digər müqəddəs məkanlarda baş verən hadisələrin izlənilməsi və sənədləşdirilməsi üçün davamlı institusional mexanizmin yaradılmasını təklif edib. Bu mexanizmin tərkibində pozuntuların qeydə alınması, onların nəticələrinin beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması üçün media platformasının yaradılması nəzərdə tutulur.
Əl-Xüleyfi Qətərin Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının baş katiblikləri ilə təşəbbüsün həyata keçirilməsi, onun fəaliyyət qaydalarının və maliyyələşmə mənbələrinin müəyyənləşdirilməsi istiqamətində əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.
Qətər rəsmisi, həmçinin Fələstin xalqının öz müqəddəratını təyin etmək və paytaxtı Şərqi Qüds olmaqla 1967-ci il sərhədləri əsasında müstəqil dövlət yaratmaq hüququnu dəstəklədiyini bildirib. O, iki dövlətli həllin həyata keçirilməsinə mane olan tədbirlərin və siyasətlərin rədd edildiyini vurğulayıb.







