Son dəqiqə

Qüds Beytül-Müqəddəs Azərbaycan irsi Şeyx Xacə Əli Səfəvi Şeyx Əlaəddin Əli Səfəviyyə təriqəti Səfəvilər Vahid İbayev

Beytül-Müqəddəsdə Azərbaycan irsi

BAKI,TurkicWorld-cagri.az

Beytül-Müqəddəsdə Azərbaycan irsi: Qüdsdəki Səfəvi şeyxinin türbəsi

Müəllif: Araşdırmaçı, yazar Vahid İbayev

Səfəvi təriqətinin Azərbaycan, Türkiyə, Balkanlar və Yaxın Şərq tarixində tutduğu özünəməxsus güclü mövqe danılmaz faktdır. Bu gün təriqətin bilavasitə mürşid və şeyx silsiləsi davam etməsə də, onun irəli sürdüyü dini-elmi təlim elitası və müridləri hələ də yaşamaqdadır. Xüsusilə Türkiyədə, Balkanların Rumıniya və Bolqarıstanın da, eləcə də İraq və İrandakı Əhli-haqq təriqətində belə Səfəvi təsirlərini açıq şəkildə görmək mümkündür. Hər bir Səfəvi şeyxi özünəməxsusluğu ilə seçilirdi, şeyxlərin içərsindəki əsas simalardan biri də, rəsmi şəkildə Cəfəri məzhəbinə keçidin təməlini atan Şeyx Xacə Əlaəddin Əli Səfəvidir. O, dövrünün qüdrətli hökmdarı Əmir Teymurla şəxsi münasibətlərə sahib idi.

TurkicWorld xəbər verir ki, araşdırmaçı-yazar Vahid İbayevin təqdim etdiyi tarixi məlumatlarda Şeyx Xacə Əlinin fəaliyyəti, Əmir Teymurla münasibətləri, Anadoluda Səfəviyyə təriqətinin yayılmasındakı rolu və Qüdsdəki dəfn yeri haqqında diqqətəlayiq məqamlar yer alır.

Silsilətün-nəsəbi-Səfəviyyənin” Berlin nəşrində iki böyük şəxsin münasibətləri haqqında belə qeyd olunur:

“Əmir Teymur Gürgan Anadolunu fəth edib geri qayıdarkən Ərdəbilə gəldi, Şeyx Xacə Əlini ziyarət etdi və dedi:

“Bizdən bir istəyiniz varmı?”

Şeyx Xacə Əli Ankara döyüşündən sonra əsir götürülmüş Rum (Osmanlı) əsirlərinin azad edilərək öz himayəsinə verilməsini Əmir Teymurdan xahiş etdi. Əmir Teymur onun bu istəyini geri çevirməyərək minlərlə əsiri və bir sıra mülkləri ona bağışladı. Həmin əsirlər tövbə edərək Səfəviyyə təriqətinə daxil oldular və şeyxin sadiq müridlərinə çevrildilər.”

Şeyx Xacə Əli həmin əsirlərin bir qismini Ərdəbil şəhərində yerləşdirdi və onlara “Rumlu” adı verildi. Gələcəkdə bu Rumlu türkmənləri Qızılbaş hərbi konfederasiyasının ən güclü qüvvələrindən birinə çevriləcəkdilər. Şeyx Xacə Əli bu Rumlu türkmənlərini məhz Anadoluda Səfəvi təriqətinin təkkələrini gücləndirmək üçün vəzifələndirdi. Müasir tədqiqatçılar onun rəhbərliyi dövründə Anadoluya çoxsaylı xəlifələrin göndərildiyini qeyd edirlər. Səfəvilərin güc balansını artıran əsas amil “Xəlifətül-xüləfa” sistemi idi. Bu sistem vasitəsilə Anadoluda, Suriyada və İraqda Səfəvilərə bağlı təriqət ocaqları qurulmuşdu. Qızılbaş konfederasiyasının ən güclü tayfalarından olan “Şamlı tayfası” da məhz Suriya bölgəsindən gələn bu türkmən xəlifələrin və müridlərin davamı idi.

Şeyx Xacə Əli müqəddəs torpaqları ziyarət etmək və Həcc ziyarətini yerinə yetirmək məqsədilə 1427-ci ildə oğlu Şeyx İbrahim və müridləri ilə birlikdə ilə Ərdəbildən yola düşür. Onun səfər zamanı Anadolu istiqamətindən keçdiyi məlumdur. Şeyx Xacə Əlinin gəldiyini bilən Bayramiyyə təriqətinin qurucusu və şeyxi Hacı Bayram Vəli şəxsən Şeyxi ziyarət etdi. Qeyd etmək də fayda var ki, Hacı Bayram Vəlinin müridi Somuncu Baba (Şeyx Həmid Həmidəddin) Şeyx Xacə Əlinin şagirdi idi, həmçinin Anadoludakı təkkə şeyxi idi. Hacı Bayram Vəli öz təriqət və təkkəsini yaradarkən məhz Somuncu Babadan icazət almışdır. Şeyx Xacə Əli Anadoludan sonra Şam diyarına gəlmişdir. Buradan da Hicaza həcc ziyarətinə getmişdir. Ziyarətdən geri döndükdən sonra Beytül-Müqəddəsə yəni Qüds şəhərinə baş çəkdi və bir müddət sonra Şeyx Xacə Əli Səfəvi 1729-cu ildə burada vəfat etdi. Şeyx Xacə Əli məzarı Fələstin dövlətinin paytaxtı Şərqi Qüdsdə Məscidül-Əqsanın şərq divarının xaricindəki “Bab əl-Rəhma” qəbiristanlığında yerləşir. Bu qəbirstanlıqda Peyğəmbərin səhabələri, mücahidlər və İslam alimləri dəfn olunmuşdur. Təəssüf ki, Şeyx Xacə Əli Səfəvinin türbəsi baxımsız və hətta yox olmaq vəziyyətdədir. Türbədəki bütün qəbirlər dağılıbdır, ancaq bir qəbrin başdaşı salamatdır.

Səfəvi şeyxinin Qüdsdəki tarixçəsi ilə bağlı əsaslı məlumatları Məmlük qazısı və qüdslü məşhur tarixçi Mücərrədin əl-Üleymi əl-Hənbəlinin (1456-1522) “əl-Ünsül-Cəlil bi-Tarixi’l-Qüdsi və l-Xəlil” əsərinin 169, 170-ci səhifələrindən əldə edirik. əl-Hənbəli həmçinin Şeyx Xacə Əlinin Qüdsdəki xəlifəsindən də bəhs edir;

“Saleh və abid olan Əlaəddin əbül-həsən Əli ibn abid Şeyx Sədrəddin ibn saleh Şeyx Səfiəddin əl-Ərdəbili əl-Əcəmi, zahid, abid, höccət, sufilərin şeyxi və şeyxlərin oğludur. Onun atası öz ölkəsində tanınmış saleh şəxslərdən biri idi və onun aşkar kəramətləri vardı. Burada adı çəkilən oğlu Şeyx Əli də belə idi. Onun haqqında kəramətlər və fəzilətlərdən uzun-uzadı danışılmışdır. O, 830-cu ildə Həcc etmək məqsədilə çoxlu sayda müridləri və davamçıları ilə birlikdə Dəməşqə gəldi. Məkkədə bir müddət qaldı, sonra Beytül-Müqəddəsə (Qüdsə) gəldi. Onun Şərif (İmam Həsənin nəslindən olanlara Şərifi deyilir), Ələvi nəslindən olduğu deyilmişdir. O, 832-ci ilin Cəmadiul-əvvəl ayının sonlarında, təxminən altmış yaşında müqəddəs Qüdsdə vəfat etdi və məscidin divarına bitişik Bab əl-Rəhma qəbiristanlığında dəfn olundu. Onun dəfni böyük izdihamlı bir hadisə oldu. Müridləri onun məzarı üzərində böyük bir günbəz tikdilər. Bu günbəz məşhur idi və ziyarət üçün ona gedilirdi. O (Şeyx Xacə Əli), “Xəlifeyi-Ərdəbili” adı ilə məşhur olan Şeyx Məhəmməd ibn əs-Saiğinin şeyxi idi.

Bab əl-Rəhma qəbiristanlığında bu şəxsdən (Şeyx Şəhabəddin Əhməd) və Şeyx Əlaəddin əl-Ərdəbilinin günbəzindən başqa heç bir günbəz yoxdur.”

Şeyxin Qüdsdəki tarixçəsi haqqında 16-cı əsr Məkkə müftisi, tarixçi Qütbəddin ən-Nəhruvali də özünün “əl-İ‘ləm bi-ə‘ləm Beytullah əl-Haram” əsərinin 281-ci səhifəsində qeyd edir;

“Sultan Xacə Əli həcc ziyarətini yerinə yetirdi, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) qəbrini ziyarət etdi və Beytül-Müqəddəsi ziyarət etmək üçün oraya yollandı. O, orada vəfat etdi və qəbri Beytül-Müqəddəsdə məşhurdur.”

Məşhur ərəb kanalı “Al Jazeera Arabic”-in 2020-ci ildə yayımladığı “Qübbətül-Ərdəbili: Qüdsdə yox olmaq təhlükəsi ilə üz-üzə olan Səfəvi sufi abidəsi” adlı məqalədə Şeyx Xacə Əli haqqında, həmçinin türbənin üzərindəki tarixi kitabə barədə dəyərli məlumatlar təqdim olunur. Məqalədən müəyyən məlumatları sizlərlə də bölüşürük;

“Qüds və Əl-Əqsa divarının qapılarından biri olan Bab əl-Rəhmanın qərbində, Əl-Ərdəbili günbəzi və ya “Səfəvi türbəsi” Bab əl-Rəhma qəbiristanlığındakı digər qəbirlərdən fərqlənərək üç metr hündürlüyə qalxır. Uzunluğu səkkiz metr, eni dörd metr olan və arasından saralmış otların çıxdığı aşınmış daşlardan ibarət Əl-Ərdəbili günbəzi onsuz da aşınmış şəhər divarına söykənərək ayaqda qalmağa çalışır. Sanki hər ikisi zamanın, hava şəraitinin və işğalın təsiri altında bir-birinə baxımsızlıqdan və bərpa işlərinin azlığından şikayətlənir.

Qüdsdəki qəbiristanlıqları araşdırmış və tikilini yerində tədqiq etmiş tədqiqatçı Məhəmməd Əramin bildirir ki, əvvəllər türbənin üzərində iki alçaq günbəz olub. Lakin cənub günbəzinin bir hissəsi damla birlikdə dağılıb. O əlavə edir ki, tikilinin hazırkı vəziyyəti onun uzun müddət ayaqda qalmasına imkan verməyəcək. Əramin deyir ki, tikilinin daxilində tamamilə dağılmış beş qəbir var və onlardan yalnız daş yığınları və sınmış başdaşıları qalıb. Yalnız günbəzin şimal tağının birbaşa altında dəmir hasarla əhatələnmiş bir qəbir istisnadır.

Sonralar günbəz dağıldı. Daha sonra əl-Kəvakibi onu bərpa etdi. O, Osmanlı dövlətində ordu qazısı vəzifəsini daşıyırdı və İrandan (Cənubi Azərbaycandan) gəlmiş əcdadlarının irsini araşdırmışdı. O, Əl-Ərdəbili günbəzini yenidən bərpa etdi və günbəz bu günə qədər mövcud olan formasını aldı.

Əl-Ərdəbili günbəzinin ön hissəsində beş sətirdən ibarət daş kitabə yerləşir. İsveçrəli şərqşünas Maks van Berşem 1900-cü ildə öz kitablarından birində bu kitabəni qeyd edib. Kitabə ərəb sülüs xətti ilə həkk olunub və üzərində belə yazılıb:

“Bu, böyük alim, araşdırmaçı və dərin bilik sahibi, şəriət və həqiqəti özündə birləşdirən Şeyx Əlaəddin ibn Əbu əl-Həsən Əli əl-Ərdəbilinin qəbridir. O, hicri 832-ci ildə (1428/1429) vəfat etmişdir. Sonrakı illərdə bu günbəz dəfələrlə dağıldı. Nəhayət, onun nəslindən olan, fəzilət sahiblərinin seçilmişi, “İbn əl-Kəvakibi” adı ilə məşhur, Osmanlı dövlətində ordu qazısı olan Vəliəddin onu hicri 1033-cü ildə (1623/1624) və sonrakı dövrdə yenidən bərpa etdi.”

Burada bəhs edilən Kəvakibi ailəsinin Səfəvi sülaləsi ilə qohumluğu məsələsi barəsində; Hələb şəhərinin nüfuzlu Sufi şeyx ailələrindən biri olan Kəvakibilərin Səfəvilərlə qohumluğuna dair ən mühüm məlumatlara Hələbli tarixçi Məhəmməd Rağib ət-Təbbaxın “İ‘lām ən-nübalā bi-tarixi Hələb əş-Şəhbāʾ (səh 107, 108)” əsərində rast gəlinir. Ailənin Hələbdəki ilk məşhur nümayəndəsi kimi Məhəmməd Əbu Yəhya əl-Kəvakibi göstərilir. “Kəvakibi” adının isə onun əvvəlcə dəmirçiliklə məşğul olması və kəvakib adlanan ulduzşəkilli mismarlar hazırlaması ilə əlaqələndirildiyi bildirilir. ət-Təbbax nəslin nümayəndəsi olan Həsən Əfəndi əl-Kəvakibinin “ən-Nəfaih vəl-Ləvaih min Ğurəri-l-Mərasim vəl-Mədaih” adlı kitabına istinad edir. Əsərdə göstərilən şəcərəyə əsasən Məhəmməd Əbu Yəhya əl-Kəvakibinin nəslini Sədrəddin Musa əl-Ərdəbiliyə, daha sonra isə Şeyx Səfiəddin İshaq əl-Ərdəbiliyə bağlandığı göstərilir. Şəcərə daha əvvəlki nəsillər vasitəsilə Firuzşah və nəhayət İmam Əliyə qədər davam etdirilir. ət-Təbbax, Həsən Əfəndi əl-Kəvakibinin evində ziyarətdə olarkən qorunmuş ailə şəcərəsini gördüyünü və burada da əlavə olaraq “Sədrəddin İbrahim əl-Ərdəbili və Sultan Xacə Əli əl-Ərdəbili” adlarının da qeyd edildiyini yazır. Belə bir şəcərənin Hələb kimi mərkəzi bir şəhərdə yad mənşəli bir ailənin dini və elmi nüfuzunu legitimləşdirmək, yəni müqəddəs və nüfuzlu bir kök vasitəsilə ailənin ictimai statusunu əsaslandırmaq məqsədi daşıması ehtimalı da nəzərdən keçirilməlidir. Bununla belə, hansı dərəcədə tarixi fakt kimi qəbul edilməsindən asılı olmayaraq, Kəvakibi nəsli Hələb tarixində Səfəvi mənşəli bir ailə kimi təqdim və qəbul edilmişdir. Nəslin nümayəndələri də bu şəcərəni qəbul edir və müxtəlif tarixi mənbələrə istinad edərək Səfəvi nəslindən olduqlarını bəyan edirlər.

Qüdsdə yerləşən və əsrlərdir tariximizin izlərini yaşadan Səfəvi türbə yalnız dini deyil, həm də Azərbaycan tarixinin Yaxın Şərqdəki izlərini əks etdirən mühüm tarixi irs nümunəsidir. Belə bir irsin baxımsızlıq səbəbindən yox olmasına imkan verməməliyik. Azərbaycan həm Fələstin, həm də İsrail ilə diplomatik münasibətlərə malik olan ölkələrdəndir. Bu baxımdan, Qüdsdə Azərbaycan tarixi və mədəni irsi ilə bağlı Şeyx Xacə Əli Səfəvi abidəsinin qorunması üçün də ölkəmizin imkanlarından istifadə olunması mühüm əhəmiyyət daşıyır. Onun qorunması, bərpası və gələcək nəsillərə çatdırılması bizim həm milli, həm də mənəvi borcumuzdur.

İstinadlar;
Mücərrədin əl-Üleymi əl-Hənbəli, “əl-Ünsül-Cəlil bi-Tarixi’l-Qüdsi və l-Xəlil, (səh 169, 170)” https://ablibrary.net/book_content/b/5056/169
Qütbəddin ən-Nəhruvali,“əl-İ‘ləm bi-ə‘ləm Beytullah əl-Haram, səh 281)” https://books.rafed.net/view/2400/page/281
Məhəmməd Rağib ət-Təbbax, “İ‘lām ən-nübalā bi-tarixi Hələb əş-Şəhbāʾ (səh 107, 108)” https://ablibrary.net/book_content/b/9779/108?lang=ar
“Al-Jazeera” https://www.aljazeera.net/politics/2020/1/26/القدس-الشيخ-الأردبيلي-الطريقة

Mövzuya görə xəbərlər