BAKI,TurkicWorld,Yusif Şərifzadə
Ərəb Dövlətləri Liqasının Baş katibi Nəbil Fəhmi İsrail polisinin mühafizəsi altında yüzlərlə israilli məskunlaşanın işğal altındakı Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidi ərazisinə daxil olmasını və orada yəhudi dini ayinləri keçirməsini pisləyib. O, bu cür hərəkətlərin müqəddəs məkanın mövcud tarixi və hüquqi vəziyyətini dəyişdirmək cəhdi olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Nəbil Fəhmi açıqlamasında baş verənləri Əl-Əqsa məscidinin toxunulmazlığının, beynəlxalq hüququn və beynəlxalq qərarların açıq şəkildə pozulması kimi qiymətləndirib. O, İsrail hökumətini bu pozuntulara görə məsuliyyət daşımaqda ittiham edib.
Baş katib beynəlxalq ictimaiyyəti, xüsusilə BMT Təhlükəsizlik Şurasını üzərinə düşən məsuliyyəti yerinə yetirməyə, Fələstin xalqının və müqəddəs məkanların qorunması üçün təcili tədbirlər görməyə çağırıb. Ərəb Dövlətləri Liqası İsrailin işğal olunmuş Fələstin ərazilərindəki hərəkətlərinin bölgədə qarşıdurmanı daha da genişləndirə biləcəyi barədə xəbərdarlıq edib.
Əl-Əqsa məscidi ərazisində 1967-ci ildən qüvvədə olan tarixi qaydalara əsasən, qeyri-müsəlmanların ərazini ziyarət etməsinə icazə verilsə də, burada dini ayin keçirməsi nəzərdə tutulmur. Ərəb Dövlətləri Liqası son dövrdə israilli məskunlaşanların polis mühafizəsi altında əraziyə daxil olmasının artdığını bildirir.
Əl-Əqsa məscidi müsəlmanlar üçün İslamın üçüncü ən müqəddəs məkanı hesab olunur. Ərazidə Əl-Əqsa məscidi ilə yanaşı, Qübbətüs-Səxrə də yerləşir. İslam inancına görə, Məhəmməd peyğəmbərin meracı ilə bağlı hadisələr də bu müqəddəs məkanla əlaqələndirilir.
Eyni ərazi yəhudilikdə də ən müqəddəs məkan hesab olunur. Yəhudilər buranı qədim Qüds məbədinin yerləşdiyi ərazi kimi qəbul edirlər. Məhz buna görə ərazidə mövcud qaydaların dəyişdirilməsi ilə bağlı addımlar İsrail-Fələstin qarşıdurmasının ən həssas məsələlərindən biri hesab edilir.






