Fələstin Dövlətinin Azərbaycandakı səfirliyi müstəqilliyin elan edilməsinin 38-ci ildönümü münasibətilə beynəlxalq ictimaiyyəti İsrail işğalına son qoymaq və Fələstin xalqının hüquqlarını qorumaq üçün konkret addımlar atmağa çağırıb.
TurkicWorld xəbər verir ki, Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyi 15 noyabr münasibətilə yaydığı bəyanatda Qəzzada atəşkəsə riayət olunmasına, mülki şəxslərin və humanitar işçilərin qorunmasına, yardımın maneəsiz çatdırılmasına və paylanmasına çağırıb.
Səfirliyin məlumatına görə, Qəzza sektorunda davam edən İsrail hücumları sakinləri dəfələrlə evlərini tərk etməyə məcbur edib, yaşayış binalarına, səhiyyə obyektlərinə, su və kanalizasiya şəbəkələrinə geniş ziyan vurub. Noyabrın əvvəlində yağan güclü yağışlar sığınacaqları su altında qoyub, çadırları yararsız hala salıb və bombardmanlar nəticəsində zədələnmiş binaların uçmasına səbəb olub. Məcburi köçkün ailələr sığınacaq materiallarının çatışmadığı, ərzağa, içməli suya və tibbi xidmətlərə çıxışın çətin olduğu şəraitdə qışa girirlər. Səfirlik onların öz bölgələrinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına imkan verəcək yenidənqurma işlərinə dəstək göstərilməsinə çağırıb.
Bəyanatda bildirilir ki, işğal olunmuş İordan çayının qərb sahilində İsrailin hərbi əməliyyatları, məskunlaşanların hücumları, söküntülər və hərəkət məhdudiyyətləri fələstinli ailələri köçə məcbur edir və onların dolanışıq imkanlarını zəiflədir. Zeytun yığımı mövsümündə məskunlaşanların hücumları fermerlərin öz torpaqlarına çıxışına mane olub. Nəzarət-buraxılış məntəqələri və digər məhdudiyyətlər məktəblərə, iş yerlərinə və səhiyyə müəssisələrinə getməyi çətinləşdirir.
İşğal olunmuş Şərqi Qüdsdə fələstinli ailələr evlərin sökülməsi və məcburi çıxarılma səbəbindən yaşayış yerlərini itirmək təhlükəsi ilə üzləşirlər. Səfirliyin mövqeyinə görə, şəhərdə və onun ətrafında məskunlaşmanın genişlənməsi Şərqi Qüdsü işğal olunmuş Fələstin ərazilərinin qalan hissəsindən təcrid edə və qərb sahilinin şimalı ilə cənubu arasındakı coğrafi bağlılığı poza bilər. Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olduğunu vurğulayan səfirlik məskunlaşmanın, söküntülərin və məcburi çıxarılmaların dayandırılmasına çağırıb. O, İslam və xristian müqəddəs məkanlarında tarixi və hüquqi status-kvonun qorunmasını, ibadət azadlığının və həmin məkanlara çıxışın təmin edilməsini də istəyib.
Səfirlik Beynəlxalq Ədalət Məhkəməsinin 19 iyul 2024-cü il tarixli məsləhət rəyini xatırladıb. Məhkəmə həmin rəydə İsrailin işğal olunmuş Fələstin ərazisində mövcudluğunu davam etdirməsinin qanunsuz olduğu və buna mümkün qədər tez son qoyulmalı olduğu qənaətinə gəlib. Bəyanatda Qəzza sektoru ilə İordan çayının qərb sahilinin, o cümlədən Şərqi Qüdsün bütövlüyünə hörmət edilməli olan vahid ərazi təşkil etdiyi vurğulanıb.
Səfirlik beynəlxalq ictimaiyyəti məskunlaşma məsələsinə dair BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsi də daxil olmaqla, beynəlxalq səviyyədə qəbul edilmiş qərarların icrası üçün praktiki addımlar atmağa çağırıb. Bəyanatda Fələstin xalqının geri qayıtmaq, öz müqəddəratını təyin etmək və 4 iyun 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil, suveren dövlət qurmaq hüquqları vurğulanıb.
Fələstin Milli Şurası Müstəqillik Bəyannaməsini 15 noyabr 1988-ci ildə Əlcəzairdə keçirilən 19-cu sessiyasında qəbul edib. Fələstinin qurucu prezidenti Yaser Ərəfat şair Mahmud Dərvişin qələmə aldığı bəyannaməni oxuyaraq «Torpağımız Fələstin üzərində, paytaxtı müqəddəs Qüds olan Fələstin Dövlətinin qurulduğunu» elan edib. Səfirlik sənədi nəsillər boyu davam edən mübarizənin zirvə nöqtəsi kimi səciyyələndirib və onun 1987-ci ildə başlayan birinci intifada dövründə qəbul edildiyini xatırladıb. Bəyannamə Fələstin xalqının öz vətənində təbii, tarixi və hüquqi haqqına və beynəlxalq qərarlara əsaslanıb. Sənəd hüquq bərabərliyinə və qanunun aliliyinə söykənən, azadlıqları və insan ləyaqətini qoruyan, BMT prinsiplərinə və ədalətli, davamlı sülhə sadiq dövlətin əsaslarını müəyyən edib.
Səfirlik milli gün münasibətilə həlak olan fələstinlilərin xatirəsini yad edib, vətəndə və diasporada yaşayan fələstinlilərin mətinliyini salamlayıb. O, Fələstin xalqının hüquqlarını və iki dövlətli həlli dəstəklədiyinə görə Azərbaycana, ölkə rəhbərliyinə, hökumətinə və xalqına minnətdarlığını bildirib. Səfirlik Fələstin Dövlətinin iki ölkə və xalq arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verdiyini vurğulayıb.







