BAKI,TurkicWorld
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatını (İƏT) artan çağırışlara qarşı birgə fəaliyyət göstərməyə və diplomatik səyləri gücləndirməyə çağırıb.
TurkicWorld xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Koordinasiya Toplantısında çıxış edib.
Nazir İƏT-in yeni Baş katibi İsmayıl Uld Şeyx Əhmədi təbrik edib, artan islamofobiya hallarına qarşı həmrəyliyin vacibliyini vurğulayıb.
Ceyhun Bayramov Azərbaycanın Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib və regionda hərbi qarşıdurmaların genişlənməsi ilə bağlı narahatlığını ifadə edib.
O, bütün dünyada müsəlman icmalarına qarşı ayrı-seçkilik və zorakılıq hallarının qarşısının alınması üçün beynəlxalq diplomatik səylərin artırılmasının vacibliyini qeyd edib.
Xarici işlər naziri İƏT ölkələrini bu istiqamətdə birgə fəaliyyət göstərməyə çağırıb.
Ceyhun Bayramov həmçinin Azərbaycanın 2027-ci ildə ev sahibliyi edəcəyi İƏT Sammitinə hazırlıq çərçivəsində görülən institusional işlər barədə məlumat verib.







