Bakı,TurkicWorld
Noyabrın 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İtaliya Respublikasının Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, görüşdə Azərbaycan-İtaliya münasibətlərinin cari vəziyyəti, strateji tərəfdaşlığın inkişaf perspektivləri, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.
Azərbaycan-İtaliya münasibətlərinin dostluq və qarşılıqlı etimad əsasında inkişaf etdiyi məmnunluqla vurğulanıb. Dövlət və hökumət başçıları səviyyəsində qarşılıqlı səfər və təmasların əhəmiyyəti qeyd olunub.
İqtisadi-ticarət əlaqələrinin Azərbaycan-İtaliya əməkdaşlığının aparıcı istiqamətlərindən biri olduğu qeyd edilib. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı, Azərbaycanın isə Cənubi Qafqaz regionunda İtaliyanın ən böyük ticarət tərəfdaşı olduğu vurğulanıb.
Bu gün Bakıda keçirilmiş Azərbaycan-İtaliya Biznes Forumunun iki ölkənin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və yeni investisiya imkanlarının müəyyənləşdirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Azərbaycanın uzun illərdir İtaliyanın etibarlı neft və təbii qaz təchizatçısı kimi çıxış etdiyi, həmçinin sənaye, kənd təsərrüfatı, yüksək texnologiyalar, infrastruktur və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərinə toxunulub.
İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyəti, xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələr yüksək qiymətləndirilib.
Nəqliyyat və logistika sahəsində əməkdaşlığın geniş potensialına diqqət çəkilib. Orta Dəhlizin artan əhəmiyyəti, Azərbaycanın bu marşrut üzrə mühüm tranzit və logistika mərkəzi kimi rolu qeyd olunub. İtaliya şirkətləri Orta Dəhliz, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının yaratdığı imkanlardan faydalanmağa dəvət edilib.
Humanitar sahədə əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi Bakı şəhərində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetinin əhəmiyyəti qeyd olunub. Təhsil, elm, mədəniyyət, gənclər, idman və turizm sahələrində əlaqələrin, habelə universitetlər və elmi müəssisələr arasında birbaşa təmasların genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı dəstək və koordinasiyanın əhəmiyyəti qeyd edilib.
Nazirlər tərəfindən Yaxın Şərq regionunda davam edən münaqişələr ətrafında fikir mübadiləsi aparılıb və bu münaqişələrin siyasi dialoq və diplomatik danışıqlar yolu ilə həllinin vacibliyinə dair həmfikirlik ifadə olunub.
Nazir Ceyhun Bayramov regional məsələlər, Cənubi Qafqazda mövcud vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və mina təhlükəsinin yaratdığı çətinliklər barədə həmkarına məlumat verib.
Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətlərinə göstərdiyi dəstəyə görə İtaliya tərəfinə minnətdarlıq ifadə olunub.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün nəticəsində nazirlər birgə mətbuat konfransında çıxış edib, media nümayəndələrinin suallarını cavablandırıblar.







