BAKI, TurkicWorld
İraq hakimiyyətinin neft qaçaqmalçılığı da daxil olmaqla bir sıra qanun pozuntuları səbəbindən İranla sərhəd keçid məntəqələrini bağlaması Tehran və Bağdad arasında nadir müşahidə olunan gərginliyin artmasına səbəb olub.
ArabAZ xəbər verir ki, gərginlik İranın ali rəhbəri Əli Xameneinin müşaviri Məhəmməd Müxbirin sərhəd məsələsinin “düşmənlərin (...) və ABŞ Prezidenti Donald Trampın əlində alətə” çevrilə biləcəyi barədə xəbərdarlığından sonra başlayıb.
Müxbir bununla əlaqədar Bağdadı ayıq-sayıq olmağa çağırıb. İraq yaranmış vəziyyət fonunda milli təhlükəsizlik üzrə müşaviri Qasim əl-Abudini təcili olaraq Tehrana göndərib.
Rəsmi mənbə “Asharq Al-Awsat” nəşrinə bildirib ki, səfərin məqsədi sərhəd keçid məntəqələrinin bağlanması ilə bağlı İran tərəfinin narahatlığını aradan qaldırmaq və neft qaçaqmalçılığı ilə əlaqədar yaranmış böhranın səbəblərini izah etməkdir.
Bağdadda milli dialoqa hazırlıq davam edir
Bu arada Bağdad və Ərbildəki dövlət qurumları və siyasi təşkilatlar gələn çərşənbə axşamı İraq Ali Məhkəmə Şurasının sədrinin himayəsi altında Bağdadda keçiriləcək “Milli dialoq” toplantısına hazırlıqlarını davam etdirirlər.
İraqın Baş naziri Əli əz-Zeydinin hökumət tərəfindən qeyri-rəsmi hesab edilən sərhəd keçid məntəqələri ilə bağlı son qərarları Sədr Hərəkatının lideri Müqtəda əs-Sədrin dolayı dəstəyini qazanıb. Əs-Sədr tərəfdarlarını gələn cümə günü Bağdadda keçiriləcək vahid cümə namazında iştirak etməklə hökumətin “islahat tədbirlərinə” dəstək göstərməyə çağırıb.
Bərzani və Talabani vahid mövqedən çıxış edəcəklər
Digər tərəfdən, İraqın Kürdüstan bölgəsinin iki siyasi rəqibi – Məsrur Bərzani və Bafel Talabani arasında vahid cəbhənin formalaşmasının ilkin əlamətləri müşahidə olunur. Siyasi liderlər ötən gün “Bağdad dialoqu”nda iştirakla bağlı “vahid mövqe” nümayiş etdirmək barədə razılığa gəliblər. Vaşinqton isə yaranmış vəziyyətlə bağlı balanslaşdırılmış mövqe nümayiş etdirməyə çalışıb.
ABŞ tərəfi “suveren, vahid və federal İraqı, eləcə də İraq dövləti çərçivəsində sabit və firavan Kürdüstan bölgəsini dəstəklədiyini” vurğulayıb.
