Son dəqiqə

Türkiyə Suriya

Türkiyə Suriyadakı bir sıra universitet filiallarını bağlayır

BAKI, TurkicWorld

ArabAZ xəbər verir ki, qərar iki ölkə arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi və ötən həftə elan edilmiş Dəməşqdə birgə Türkiyə–Suriya universitetinin yaradılmasına hazırlıq çərçivəsində qəbul olunub.

Türkiyənin “Rəsmi qəzet”ində şənbə günü Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə iki fərman dərc edilib. Birinci fərman Türkiyənin Qaziantep Universiteti və Səhiyyə Elmləri Universitetinin Suriyadakı bir sıra fakültə və ali institutlarının bağlanmasını nəzərdə tutur.

İkinci fərman həmin akademik bölmələrin fəaliyyətinin Suriya tərəfi ilə birgə tənzimlənməsinə dair anlaşma memorandumunun təsdiqlənməsi ilə bağlıdır. Bundan əlavə, rəsmi nəşrdə Türkiyənin Ali Təhsil Şurası ilə Suriyanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyi arasında imzalanmış memorandumun təsdiqlənməsinə dair üçüncü prezident fərmanı da dərc olunub. Sənəd Qaziantep Universiteti və Səhiyyə Elmləri Universitetinin Suriyadakı akademik bölmələrinin fəaliyyətinin tənzimlənməsini əhatə edir.

Suriyanın ali təhsil və elmi tədqiqatlar naziri Mərvan əl-Hələbi və Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar oktyabrın 14-də Türkiyənin cənubundakı Qaziantep Universitetinin rektorluğunda keçirilən görüş zamanı anlaşma memorandumu imzalayıblar. Memorandum Qaziantep Universiteti və Səhiyyə Elmləri Universitetinin Hələb vilayətinin kənd rayonlarındakı filiallarının Suriyanın müvafiq nazirliyinə təhvil verilməsini və həmin filialların tələbələrinin Suriya universitetlərinə inteqrasiyasını nəzərdə tutur.

Görüşdən sonra suriyalı nazir bildirib ki, Qaziantep Universitetinə tabe olmuş Afrindəki Pedaqoji fakültənin, Əzazdakı İslam Elmləri fakültəsinin, Əl-Babdakı İqtisadiyyat və İdarəetmə Elmləri fakültəsinin, eləcə də Cərablusdakı peşə institutlarının tədris fəaliyyətinin Hələb Universitetinin tərkibində davam etdirilməsi razılaşdırılıb. Nazir əlavə edib ki, Türkiyənin Səhiyyə Elmləri Universitetinə bağlı Ər-Rai qəsəbəsindəki Tibb fakültəsi və Səhiyyə Xidmətləri Peşə Məktəbinin statusu da tənzimlənib.

Bununla tələbələrin təhsillərini Suriyanın həmin ali təhsil müəssisələrində və ya onlara ekvivalent olan digər müəssisələrdə davam etdirməsi və tədris proseslərinin fasiləsizliyi təmin olunacaq.Anlaşma memorandumunda məzunların diplomlarının ekvivalentliyinin tanınması üçün hüquqi qaydaların tamamlanması, Afrin və Cərablusda mövcud təhsil proqramlarının davam etdirilməsi, həmçinin akademik və inzibati heyətin Suriyada qüvvədə olan qanunvericilik və qaydalar çərçivəsində fəaliyyətini davam etdirməsi barədə razılıq əldə olunub.

Türkiyə Prezidentinin fərmanları Ankara ilə Dəməşq arasında avqust ayında başlanmış prosesin tamamlanması istiqamətində atılan prosedur addımları çərçivəsində qəbul edilib.

Həmin vaxt Suriyanın şimalında fəaliyyət göstərən Türkiyə universitetləri ilə bağlı məsələlərə yekun həll yolları hazırlamaq üçün birgə Suriya–Türkiyə komissiyası yaradılıb.

Bu proses Suriyanın Ali Təhsil Nazirliyinin iyun ayında həmin universitet filiallarının diplomlarını tanımaq barədə qərar qəbul etməsindən sonra başlanıb. Türkiyə universitetlərinin Suriyanın şimalındakı filialları mərhələli şəkildə yaradılıb.

İlk olaraq 2018-ci ildə Qaziantep Universitetinin Cərablusda peşə institutu açılıb. Daha sonra 2019-cu ilin oktyabrında Türkiyə Prezidentinin fərmanı ilə Əl-Bab, Afrin və Əzazda fakültələrin açılması qərara alınıb. Ardınca Ər-Raidə Türkiyənin Səhiyyə Elmləri Universiteti və Qaziantep Universitetinə bağlı Tibb fakültəsi və Səhiyyə Elmləri Ali İnstitutu yaradılıb.

Bundan əlavə, Harran və Anadolu universitetlərinin imtahan mərkəzləri və açıq təhsil bölmələri fəaliyyətə başlayıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan noyabrın 17-də Türkiyə Xarici İşlər Nazirliyinin binasında suriyalı həmkarı Əsəd əş-Şeybani ilə keçirdiyi mətbuat konfransında Dəməşqdə Türkiyə–Suriya universitetinin yaradılması barədə razılıq əldə edildiyini açıqlayıb.

Həmin danışıqlarda iki ölkənin müdafiə nazirləri Yaşar Gülər və Mərhəf Əbu Qəsrə də iştirak ediblər. Suriyanın Ali Təhsil Nazirliyi daha əvvəl bildirmişdi ki, layihənin məqsədi iki ölkənin elmi təcrübəsini birləşdirən ortaq beynəlxalq akademik müəssisə yaratmaqdır.

Hakan Fidan Türkiyənin Suriyanın suverenliyinin qorunması çərçivəsində ölkənin təhsil, səhiyyə və digər sahələrinə dəstəyi davam etdirəcəyini təsdiqləyib.

Mövzuya görə xəbərlər