BAKI,TurkicWorld,Yusif Şərifzadə
Ərəb Parlamentinin sədri Məhəmməd əl-Yəmahi Nauru Respublikasının Qüdsdə səfirlik açmasını kəskin şəkildə pisləyib. Bununla Nauru Qüdsdə səfirlik açan dünyada doqquzuncu ölkə olub.
TurkicWorld xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, əl-Yəmahi Naurunun qərarını “beynəlxalq hüququn kobud şəkildə pozulması” və “qanunsuz işğal reallığını legitimləşdirmək üçün qəbuledilməz cəhd” kimi qiymətləndirib.
Ərəb Parlamentinin sədri Naurunu bu qərardan dərhal geri çəkilməyə çağırıb. O bildirib ki, Qüds siyasi danışıqlarda sövdələşmə predmeti deyil və şəhərin hüquqi və tarixi statusu birtərəfli qərarlarla müəyyən edilə bilməz.
Əl-Yəmahinin sözlərinə görə, beynəlxalq hüquqa zidd diplomatik addımlar Qüdsün hüquqi və tarixi statusunu dəyişdirmir.







