BAKI,TurkicWorld
“Səudiyyə Ərəbistanı və Yaxın Şərqdən olan istedadlı kino yaradıcılarının Hollivudla peşəkar əlaqələr qurması vacibdir”. Bunu “Sony Pictures Entertainment” şirkətinin “Columbia Pictures” bölməsinin keçmiş baş vitse-prezidenti Qari Şapiro bildirib.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, Qari Şapiro fikirlərini İtaliyada sentyabrın 26-dan oktyabrın 4-dək keçirilən VII Matera Beynəlxalq Film Festivalı çərçivəsində bölüşüb. O, Yaxın Şərq kino sənayesinin nümayəndələri üçün Hollivudla əlaqələrin yalnız məzmun deyil, həm də maliyyələşdirmə və birgə istehsal imkanları baxımından əhəmiyyət daşıdığını vurğulayıb.
Şapironun sözlərinə görə, ABŞ kino sənayesində tanıdığı mütəxəssislər dünyanın müxtəlif bölgələrindən gələn yeni məzmuna maraq göstərirlər. Bu isə Səudiyyə Ərəbistanı və bütövlükdə Yaxın Şərqdən olan kino yaradıcıları üçün beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə şərait yarada bilər.
Kino sənayesində fəaliyyətə 1970-ci illərdə başlayan Şapiro “Columbia Pictures”, “MGM”, “Sony Pictures Entertainment” və “Beacon Pictures” şirkətlərində marketinq və yayım sahəsində müxtəlif vəzifələrdə çalışıb.
Şapiro karyerasının başlanğıcını xatırladaraq 22 yaşında Nyu-Yorkda “Columbia Pictures”də işə başladığını bildirib. O, kino sənayesində fəaliyyətə aşağı vəzifələrdən başlasa da, qısa müddətdə tanınmış kino ulduzları ilə müxtəlif layihələrdə işləmək imkanı əldə etdiyini qeyd edib.
Uzun illərin təcrübəsindən danışan Şapiro gənc mütəxəssislərə təzyiq altında soyuqqanlı qalmağı, iş tempini düzgün müəyyənləşdirməyi, peşəkar münasibətlərə diqqət yetirməyi və gördükləri işi yüksək səviyyədə yerinə yetirməyi tövsiyə edib.
Qari Şapiro sentyabrın 27-də festival çərçivəsində “Hollivud kino tarixinin yaradılması” adlı ustad dərsi də keçirib. Tədbirdə yaradıcılıqla kino sənayesi arasındakı münasibətlər, istehsal prosesləri və Hollivudun tarixi inkişafı müzakirə olunub.
Ustad dərsinin aparıcısı Matera Beynəlxalq Film Festivalının bədii rəhbəri Valentina Kastellani-Kvinn olub.







