Son dəqiqə

Azərbaycan Bakı Səudiyyə Ərəbistanı Anar Ələkbərov Ər-Riyad sərgi Beynəlxalq əməkdaşlıq

Azərbaycanın “EXPO 2030 Ər-Riyad” sərgisində iştirakına dair müqavilə imzalanıb

BAKI,TurkicWorld

Bakıda Azərbaycanın “EXPO 2030 Ər-Riyad” dünya sərgisində iştirakına dair müqavilə imzalanıb.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, sənəd sərginin baş icraçı direktoru Talal Əl-Mərri ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, ölkəmizin sərgi üzrə baş komissarı Anar Ələkbərov arasında keçirilən görüşdə imzalanıb.

Müqavilə Azərbaycanın beynəlxalq sərgidə iştirakına hazırlıq prosesində mühüm mərhələ kimi qiymətləndirilib.

Anar Ələkbərov Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında dostluğa, qarşılıqlı hörmətə və sıx əməkdaşlığa əsaslanan münasibətlərin siyasi, iqtisadi, enerji və mədəniyyət sahələrində davamlı inkişaf etdiyini bildirib.

O vurğulayıb ki, Azərbaycanın “EXPO 2030 Ər-Riyad”da iştirakı bu tərəfdaşlığın əhəmiyyətini və Səudiyyə Ərəbistanının mühüm beynəlxalq tədbirə ev sahibliyinə dəstəyi nümayiş etdirir.

Görüşdə qeyd olunub ki, Azərbaycan pavilyonu ölkənin zəngin irsini, mədəniyyətini və gələcəyə baxışını müxtəlif ölkələrdən gələn ziyarətçilərə təqdim edəcək. Pavilyonun xalqlar arasında əlaqələrin möhkəmlənməsinə xidmət göstərəcəyi bildirilib.

Talal Əl-Mərri sərgidə beynəlxalq iştirakın genişləndiyini, iştirakını təsdiqləyən ölkələrin pavilyonların hazırlanması və ziyarətçi proqramlarının planlaşdırılması üzrə fəal iş apardığını söyləyib. O, Azərbaycanla müqavilənin imzalanmasını bu prosesdə mühüm mərhələ adlandırıb.

Əl-Mərrinin sözlərinə görə, sərgi ölkələri və xalqları bir araya gətirərək fikir mübadiləsini təşviq edəcək, əməkdaşlığı genişləndirəcək və ortaq gələcəyin formalaşmasına töhfə verən yeni tərəfdaşlıqlar üçün imkan yaradacaq.

“EXPO 2030 Ər-Riyad” dünya sərgisi 2030-cu il oktyabrın 1-dən 2031-ci il martın 21-dək keçiriləcək. Hazırda hazırlıq çərçivəsində sərgi ərazisinin hazırlanması və ilkin infrastrukturun yaradılması işləri aparılır.

Mövzuya görə xəbərlər