Bakı,TurkicWorld
İlin sonunadək AÇG-də hasilatın azalma tempi 3 faizdən aşağı düşə bilər.
Bu barədə bp-nin Xəzər regionu, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, son dövrlərdə hasilat göstəricilərində müsbət dinamika müşahidə olunur və hasilatın azalma tempi zəifləyir.
"Hazırda hasilatın azalma tempi 3 faiz təşkil edir. İlin sonunadək bu göstərici daha da aşağı düşə bilər. Lakin yekun məlumatlar vəziyyətin necə olacağını göstərəcək.
Dünya neft-qaz sənayesinin standartlarına görə, 3 faizlik göstərici kifayət qədər yüksək nəticədir", – deyə o bildirib.
Qeyd edək ki, 1994-cü il sentyabrın 20-də yeddi ölkədən 11 beynəlxalq neft şirkətinin iştirakı ilə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. İlkin olaraq yataqlardan 500 milyon ton neftin hasil edilməsi planlaşdırılırdı.
2017-ci ildə sazişə yenidən baxılıb və yataqların işlənmə müddəti 2050-ci ilin sonunadək uzadılıb. SOCAR-ın payı 11,65 faizdən 25 faizə çatdırılıb, Azərbaycanın mənfəət neftindəki payı isə 75 faiz müəyyən edilib.
2019-cu ildə "Azəri-Mərkəzi-Şərqi" (ACE) layihəsi üzrə yekun investisiya qərarı qəbul edilib. Platformadan ilk neft 2024-cü il aprelin 16-da hasil olunub. Layihənin bütün istismar müddəti ərzində 300 milyon barel neft hasil edilməsi planlaşdırılır.
2024-cü ilin sentyabrında AÇG yataqlarında sərbəst qazın hasilatına dair saziş imzalanıb. Belə qazın hasilatına 2026-cı il iyunun 1-dən başlanılıb.
bp-nin məlumatına görə, 1997-ci ilin noyabrından 2026-cı ilin üçüncü rübünün sonunadək AÇG-də təxminən 4,7 milyard barel neft hasil edilib. Dövlətə təxminən 63 milyard kubmetr səmt qazı təhvil verilib.
Layihənin operatoru BP Exploration (Caspian Sea) Limited şirkətidir. İştirak payları aşağıdakı kimi bölüşdürülüb: bp – 30,37 faiz, SOCAR – 35,30 faiz, MOL – 9,57 faiz, INPEX – 9,31 faiz, ExxonMobil – 6,79 faiz, TPAO – 5,73 faiz və ONGC Videsh – 2,92 faiz.



