Bakı,TurkicWorld
bp "Qarabağ" yatağında həyata keçiriləcək layihə üçün torpaq sahəsinin ayrılması ilə bağlı işlər aparır.
Bu barədə bp-nin Xəzər regionu, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, "Bundle" texnologiyasının tətbiqi ehtiyatları "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağındakı ehtiyatlardan xeyli az olan "Qarabağ" yatağının işlənməsi zamanı xərclərin azaldılmasına yönəlib.
"Daha az həcmdə neft hasilatının kommersiya baxımından cəlbedici qalması üçün xərcləri azaltmaq lazımdır. Bu məqsədlə yeni texnologiyadan – "Bundle" texnologiyasından istifadə edirik.
Bu texnologiya boru kəmərləri sisteminin yeddi kilometrlik hissələrinin quruda əvvəlcədən yığılmasını nəzərdə tutur. Əsas konstruksiyanın daxilində ayrı-ayrı neft və qaz boru kəmərləri, eləcə də elektrik kabelləri yerləşdiriləcək. Yığım başa çatdıqdan sonra həmin hissələr layihənin dənizdəki ərazisinə daşınacaq və orada quraşdırılacaq", – deyə vitse-prezident bildirib.
Onun sözlərinə görə, bu yanaşma birbaşa dənizdə qaynaq və montaj işlərinin aparılması zərurətini aradan qaldıracaq və bununla da xərclərin azalmasına imkan verəcək.
"Hazırda Bəndovan sahəsində zəruri icazələrin alınması, torpaq sahəsinin ayrılması, yolların çəkilməsi və ərazinin hazırlanması istiqamətində işlər aparılır.
Hazırlıq mərhələsi davam edir, meydançanın tikintisinə isə gələn il başlanılması nəzərdə tutulur", – deyə o qeyd edib.
Vitse-prezident əlavə edib ki, yatağın işlənməsi ilə bağlı digər texniki məsələlər, o cümlədən qazma üsulları və hasilat infrastrukturu üçün platforma və ya digər konstruksiyanın seçilməsi məsələləri də paralel olaraq nəzərdən keçirilir.
bp-nin vitse-prezidentinin sözlərinə görə, yekun investisiya qərarı (Final Investment Decision – FID) layihənin hər iki istiqaməti üzrə zəruri hesablamalar başa çatdıqdan və hazırlıq işləri yekunlaşdırıldıqdan sonra qəbul ediləcək.



