BP

bp Azərbaycanda həyata keçirdiyi layihələrə 89 milyard dollardan çox sərmayə qoyub

Bakı,TurkicWorld

bp şirkəti Azərbaycanda fəaliyyət göstərdiyi 34 il ərzində tərəfdaşları ilə birlikdə əməliyyatçısı olduğu neft və qaz layihələrinə 89 milyard ABŞ dollarından çox sərmayə yatırıb.

Bu barədə bp şirkətinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, şirkət Azərbaycanda neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirib.

Bildirilib ki, bp ölkədə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək verməklə yanaşı, sosial sərmayə və bacarıqların inkişafı istiqamətində də geniş fəaliyyət göstərir.

Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühitin mühafizəsi, idman potensialının artırılması, eləcə də Azərbaycanın zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələri əhatə edir.

Məlumata görə, bp fəaliyyətə başladığı vaxtdan indiyədək özü və əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından Azərbaycandakı sosial sərmayə layihələrinə ümumilikdə 115 milyon ABŞ dollarından çox vəsait xərcləyib.

Hazırda bp-nin Azərbaycandakı fəaliyyətində təxminən 2313 Azərbaycan vətəndaşı çalışır. Bu, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.

Mövzuya görə xəbərlər