Son dəqiqə

SOCAR BP

bp və SOCAR Xəzərdə seysmik məlumatları vahid bazada birləşdirəcək

Bakı. TurkicWorld:

bp və SOCAR tərəfindən həyata keçirilən birgə layihə çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda mövcud bütün seysmik məlumatların vahid bazada birləşdirilməsi nəzərdə tutulur.

TurkicWorld xəbər verir ki, bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə yeraltı ehtiyatlar (Subsurface) üzrə vitse-prezidenti Dan Sparkes Bakı Enerji Həftəsinin ikinci günündə keçirilən panel müzakirəsində deyib.

Onun sözlərinə görə, neft-qaz sənayesində şirkətlər adətən rəqib kimi görünsə də, əslində eyni regionda fəaliyyət göstərən operatorlar arasında əməkdaşlıq rəqabətdən daha çox fayda yaradır. Dan Sparkes bildirib ki, əsas rəqabət digər regionlarla bağlıdır, çünki daha ucuz hasilat qiymətinə malik bazarlar investisiya cəlb etməkdə üstünlük qazanır.

O qeyd edib ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) kimi iri layihələr uzun illər ərzində böyük inkişaf mərhələsi keçib və bu sahələrdə yeni infrastruktur, gəmi və texniki imkanların yaradılması mümkündür: "Lakin gələcək layihələrdə bu cür geniş maliyyə imkanları hər zaman mövcud olmur. Bu səbəbdən sahə üzrə davamlı inkişaf yalnız şirkətlər arasında resurs və texnologiya paylaşımı ilə mümkündür. Birgə istifadə edilən infrastruktur – o cümlədən platformalar, avadanlıqlar və gəmilər – regionda yeni imkanların yaranmasına şərait yaradır".

Dan Sparkes xüsusilə bp və SOCAR arasında həyata keçirilən əməkdaşlığı yüksək qiymətləndirib və bu modelin gələcəkdə digər şirkətlərin də iştirakı ilə genişlənə biləcəyini bildirib.

O əlavə edib ki, bu sahədə uğurlu təcrübələrdən biri Kanadanın Alberta bölgəsidir. Onun sözlərinə görə, həmin regionda açıq məlumat mübadiləsi sistemi mövcuddur və bu da şirkətlərə daha çox yatağın səmərəli şəkildə işlənməsinə imkan verir.

"Alberta təcrübəsində bütün quyular üzrə geoloji və texniki məlumatlar açıq şəkildə əlçatandır. Bu sistem şirkətlərin öz daxili məlumat bazalarından çox, ümumi platformadan istifadə etməsinə şərait yaradır və daha çox ehtiyatın aşkar edilməsinə imkan verir", – deyə o bildirib.

Dan Sparkes qeyd edib ki, bp və SOCAR tərəfindən həyata keçirilən birgə layihə çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda mövcud bütün seysmik məlumatların vahid bazada birləşdirilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, Xəzər hövzəsi karbohidrogen ehtiyatları baxımından olduqca zəngin regiondur, lakin burada hələ də kifayət qədər öyrənilməmiş sahələr və seysmik məlumat boşluqları mövcuddur.

O əlavə edib ki, bu vəziyyət Meksika körfəzi ilə müqayisədə fərqlidir, çünki həmin region daha çox seysmik tədqiqatlarla tam əhatə olunub.

bp rəsmisi bildirib ki, gələcək mərhələdə bu boşluqların doldurulması və yeni məlumatların əldə edilməsi üçün şirkətlər arasında daha geniş əməkdaşlıq vacibdir.

"Bu proses tək bir şirkət tərəfindən həyata keçirilə bilməz. Uğur yalnız birgə əməkdaşlıq və məlumat mübadiləsi ilə mümkündür", – deyə Dan Sparkes vurğulayıb.

Mövzuya görə xəbərlər