Son dəqiqə

Azərbaycan BP bərpa olunan enerji enerji keçidi Enerji səmərəliliyi Peşəkar inkişaf Sosial sərmayə Yerli mütəxəssislər

bp Azərbaycanda bərpa olunan enerji üzrə yerli mütəxəssislər hazırlayacaq

BAKI,TurkicWorld

bp “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrindəki tərəfdaşları adından Azərbaycanda bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində yerli mütəxəssislərin inkişafına dəstək məqsədilə yeni sosial sərmayə layihəsinə başlayıb.

TurkicWorld xəbər verir ki, təşəbbüs bp və tərəfdaşlarının Azərbaycanda yerli bilik və bacarıqların gücləndirilməsi, eləcə də uzunmüddətli peşəkar potensialın inkişaf etdirilməsinə yönəlmiş dəstəyinin bir hissəsidir.

Layihə bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində beynəlxalq peşəkar və tədris standartlarına uyğun müstəqil təlim proqramları həyata keçirə biləcək yüksək ixtisaslı yerli təlimçilərin hazırlanmasını nəzərdə tutur.

Təşəbbüs çərçivəsində 20 yerli mütəxəssis “Təlimçinin təlimi” proqramında iştirak etmək üçün seçilib. Təlimlər bərpa olunan enerji və enerji səmərəliliyi üzrə ixtisaslaşmış, Berlində yerləşən Bərpa Olunan Enerji Akademiyası tərəfindən keçiriləcək.

Proqram təxminən 50 saatlıq sərbəst rejimli onlayn təlimdən və daha sonra təşkil olunacaq səkkiz yarımgünlük virtual sessiyadan ibarət olacaq.

Təlim proqramında texniki biliklər müasir tədris metodları ilə birləşdiriləcək. İştirakçılar həm ixtisas sahələri üzrə biliklərini, həm də təlimçilik bacarıqlarını inkişaf etdirəcəklər.

Proqram çərçivəsində mütəxəssislər qabaqcıl beynəlxalq təcrübəni öyrənməklə yanaşı, təlim metodlarını yerli ehtiyaclara uyğunlaşdırmağı, tədris kurslarını müstəqil şəkildə hazırlamağı, həyata keçirməyi və qiymətləndirməyi öyrənəcəklər.

Təlimi uğurla başa vuran iştirakçılara “Təlimçinin təlimi” sertifikatları təqdim olunacaq.

Layihənin yerli mütəxəssislərə öz bilik və təcrübələrini digər peşəkarlara ötürmək imkanı yaratmaqla, Azərbaycanda bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində davamlı mütəxəssis potensialının formalaşdırılmasına töhfə verəcəyi gözlənilir.

bp bildirib ki, yerli potensialın gücləndirilməsi və bacarıqların inkişaf etdirilməsinə dəstək şirkətin Azərbaycandakı sosial sərmayə fəaliyyətinin prioritet istiqamətlərindən biri olaraq qalır.

Azərbaycan enerji keçidi hədəflərinə doğru irəlilədikcə bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində biliklərin genişləndirilməsi və ötürülməsi üzrə ixtisaslı yerli mütəxəssislərə tələbatın artacağı qeyd olunur.

Layihə vasitəsilə iştirakçıların qabaqcıl texniki və təlim bacarıqları ilə təmin edilməsi, eyni zamanda proqram başa çatdıqdan sonra da fəaliyyət göstərə biləcək dayanıqlı yerli təlim potensialının yaradılması hədəflənir.

Mövzuya görə xəbərlər