Son dəqiqə

Azərbaycan Rufiz Hafizoğlu Birləşmiş Ərəb Əmirlikləri BƏƏ Yaxın Şərq Əməkdaşlıq memorandumu strateji araşdırmalar ArabAZ FARAS Ən yaxın Şərq ərəb dünyası

ArabAZ və BƏƏ-nin FARAS analitik mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb

BAKI,TurkicWorld

Azərbaycanın Yaxın Şərq üzrə ixtisaslaşmış informasiya-analitik platforması ArabAZ (“Ən yaxın Şərq”) ilə Birləşmiş Ərəb Əmirliklərinin Qabaqcıl Araşdırmalar və Tədqiqatlar üzrə Gələcək Mərkəzi (Future for Advanced Research and Studies – FARAS) arasında əməkdaşlıq memorandumu imzalanıb.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, sənəd ekspert və tədqiqatçıların qarşılıqlı fəaliyyətini, birgə araşdırmaların aparılmasını, elmi tədbirlərin təşkilini və analitik materialların mübadiləsini nəzərdə tutur.

Memorandum çərçivəsində fəaliyyət dörd əsas istiqaməti əhatə edəcək:

Strateji və geosiyasi təhlillər
Yaxın Şərq, Cənubi Qafqaz və ətraf regionlarda siyasi proseslər, təhlükəsizlik çağırışları və beynəlxalq münasibətlər üzrə araşdırmalar aparılacaq, ekspert rəyləri hazırlanacaq.

Tarixi və mədəni irsin araşdırılması
Azərbaycanla ərəb dünyası arasında tarixi-mədəni bağların, ortaq irsin və xalqlar arasında formalaşmış münasibətlərin öyrənilməsinə diqqət ayrılacaq.

Birgə elmi və ekspert tədbirləri
Konfrans, seminar, dəyirmi masa və ekspert müzakirələrinin keçirilməsi, həmçinin aktual regional və beynəlxalq mövzular üzrə ortaq tədqiqat layihələrinin hazırlanması planlaşdırılır.

Akademik və media əlaqələri
Ekspertlər, tədqiqatçılar və media nümayəndələri arasında peşəkar əlaqələrin qurulması, araşdırmaların və analitik materialların qarşılıqlı təqdimatı təşviq ediləcək.

ArabAZ-ın təsisçisi Rufiz Hafizoğlu bildirib ki, memorandum Azərbaycanla ərəb dünyasının ekspert icmaları arasında birbaşa təmasların gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

“Azərbaycan və ərəb dünyası arasında siyasi və iqtisadi münasibətlərin inkişafı ekspert və tədqiqat institutları arasında daha sıx təmasları da zəruri edir. FARAS ilə tərəfdaşlığımızın əsas məqsədi davamlı analitik platforma formalaşdırmaq, birgə araşdırmalar aparmaq və qarşılıqlı ekspert iştirakını təmin etməkdir. Bu, eyni zamanda Azərbaycanın ərəb dünyasında, Yaxın Şərqdə gedən proseslərin isə Azərbaycanda daha dolğun təqdim olunmasına xidmət edəcək”, – Rufiz Hafizoğlu qeyd edib.

Onun sözlərinə görə, ArabAZ gələcəkdə digər ərəb ölkələrinin aparıcı tədqiqat və ekspert mərkəzləri ilə də tərəfdaşlıq qurmağı planlaşdırır.

BƏƏ-də fəaliyyət göstərən FARAS regional və beynəlxalq siyasət, təhlükəsizlik, iqtisadiyyat, texnologiya və sosial transformasiyalar üzrə araşdırmalar aparan tədqiqat mərkəzidir.

ArabAZ isə ərəb dünyası və Yaxın Şərqdə baş verən siyasi, iqtisadi, sosial və mədəni prosesləri Azərbaycan auditoriyasına çatdıran ixtisaslaşmış informasiya-analitik platformadır.

Memorandum iki qurum arasında birgə layihələrin həyata keçirilməsi və Azərbaycanla ərəb dünyasının ekspert dairələri arasında yeni peşəkar təmasların yaradılması üçün institusional əsas formalaşdırır.

Mövzuya görə xəbərlər