Son dəqiqə

Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanının enerji infrastrukturuna hücumlar neftin Asiyaya daşınma xərclərini artırır

Bakı,TurkicWorld

Səudiyyə Ərəbistanının infrastrukturuna hücumlar və Hörmüz boğazından keçən neft tədarükünün azalması neft bazarlarına təzyiqi artırır. Eyni zamanda, Yanbu–Ninbo marşrutu üzrə fraxtın dəyəri sentyabrın əvvəlindən etibarən iki dəfə artıb.

"Rystad Energy" şirkətinin yaydığı press-relizdə bildirilir ki, bunu şirkətin baş iqtisadçısı Klaudio Qalimberti dünya enerji bazarlarındakı vəziyyətə dair icmal təqdim edərkən deyib. O, neft tədarükündə yaranan fasilələrin, daşınma xərclərinin artmasının və inflyasiya təzyiqinin dünya iqtisadiyyatına təsirini qeyd edib.

"Neft bazarlarına təzyiq həm tədarükdə yaranan fasilələr, həm də daşınma xərclərinin artması ilə şərtlənir. Səudiyyə Ərəbistanının infrastrukturuna hücumlar və Hörmüz boğazından keçən axınların azalması təklifi məhdudlaşdırır. Eyni zamanda, Yanbu–Ninbo marşrutu üzrə fraxtın dəyəri sentyabrın əvvəlindən iki dəfə artaraq neftin Asiyaya çatdırılması xərclərini yüksəldib", – Qalimberti bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda ABŞ-də dizel yanacağının qiymətinin əhəmiyyətli dərəcədə azalacağını gözləməyə dəyməz. Bununla əlaqədar enerji resurslarının qiyməti noyabr ayında keçiriləcək ABŞ Konqresinə aralıq seçkiləri ərəfəsində siyasi baxımdan həssas məsələlərdən birinə çevrilir.

"Mərkəzi banklar da mürəkkəb vəziyyətlə üzləşirlər: faiz dərəcələrinin artırılması pozulmuş neft tədarükünü bərpa edə bilməz, eyni zamanda enerji xərclərinin artması inflyasiyanı gücləndirir.Bu həftə açıqlanacaq iqtisadi göstəricilər və mərkəzi bankların qərarları enerji resurslarının tədarükündə uzunmüddətli fasilələr şəraitində dünya iqtisadiyyatının dayanıqlılığını qiymətləndirməyə imkan verəcək. Eyni zamanda, ən iri texnologiya şirkətlərinin maliyyə hesabatları süni intellektə yatırılan investisiyaların kifayət qədər gəlir gətirib-gətirmədiyini göstərəcək", – şirkət qeyd edir.

Mövzuya görə xəbərlər