Bakı. TurkicWorld:
2023-cü ilin oktyabr ayında Türkiyənin Muğla şəhərində yerləşən Milas-Bodrum Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 4 faiz artaraq, 3 milyon 861 min 637 nəfər olub.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, oktyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 11 faiz artaraq 2 milyon 85 min 487 nəfər, beynəlxalq reyslər üzrə isə 4 faiz azalaraq 1 milyon 776 min 150 nəfər təşkil edib.
Bu ilin oktyabr ayında hava limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq 41 min 927 ton təşkil edib. Bununla yanaşı, oktyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 18 min 329 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 4 faiz azalaraq, 23 min 598 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2023-cü ilin oktyabr ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 36 min 852 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 20 faiz artaraq 20 min 792, beynəlxalq reyslər üzrə isə 3 faiz azalaraq 16 min 60 olub.
2023-cü ilin oktyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 184 milyon 836 min 400 nəfər, yük dövriyyəsi isə 3 milyon 552 min 115 ton təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.