BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail ordusu ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasının pozulması fonunda Livanın cənub bölgələrinə artilleriya zərbələri endirib. Hücumların bir neçə yaşayış məntəqəsini hədəf aldığı bildirilir.
TurkicWorld xəbər verir ki, İranın Tasnim xəbər agentliyi yerli Livan mənbələrinə istinadən İsrail artilleriyasının Kəfrtəbnit, Misra, Beyt Yahun və Kunin kəndlərini atəşə tutduğunu bildirib.
Bundan əlavə, İranın Press TV telekanalı şənbə günü İsrail qüvvələrinin Livanın cənubundakı Mərkəba qəsəbəsini və Əli əl-Tahir yüksəkliklərini də artilleriya atəşinə məruz qoyduğunu xəbər verib.
Məlumatda hücumlar nəticəsində insan tələfatı və ya dağıntılar barədə rəsmi məlumatın olmadığı qeyd edilir.
İsrail ordusu hadisə ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb.
Müstəqil mənbələr də hücumlarla bağlı yayılan məlumatları hələlik təsdiqləməyiblər.







