BAKI,TurkicWorld Orxan Qədirzadə
Türkiyənin bir sıra bölgələrində başlayan meşə yanğınları ilə mübarizə davam etdirilir. Ən kritik vəziyyət Muğlanın Seydikemer rayonunda qeydə alınıb. Güclü küləyin təsiri ilə sürətlə yayılan alovlar səbəbindən Fethiyə–Antalya avtomobil yolu müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün bağlanıb.
Muğla Valiliyinin məlumatına görə, yanğının söndürülməsinə 5 təyyarə, 12 helikopter, 35 yanğınsöndürmə maşını, 8 ilkin müdaxilə avtomobili, 22 su tankeri, 14 xüsusi texnika, 44 xidmət avtomobili, 2 təcili tibbi yardım briqadası və ümumilikdə 373 nəfər şəxsi heyət cəlb edilib.
Alovların yaşayış məntəqələrinə yaxınlaşması səbəbindən 43 evdən 65 nəfər təhlükəsizlik məqsədilə təxliyə olunub. Bundan əlavə, Seydikemer Dövlət Xəstəxanasının reanimasiya və palyativ xidmət şöbələri ehtiyat tədbiri olaraq boşaldılıb. Xəstəxananın yanğın ocağından təxminən 2,5 kilometr məsafədə yerləşdiyi bildirilib.
Muğlanın Fethiyə rayonunun Çiftlik məhəlləsində də meşə yanğını baş verib. Güclü küləyin təsiri ilə genişlənən alovların söndürülməsi üçün əraziyə 2 təyyarə, 2 helikopter, çoxsaylı yanğınsöndürmə texnikası və meşə təsərrüfatı əməkdaşları cəlb olunub.
Antalyanın Kaş rayonunda isə ötən gün başlayan meşə yanğınının söndürülməsi işləri ikinci gündür davam edir. Yanğına 26 yanğınsöndürmə maşını, 9 su təminat avtomobili, 5 ilkin müdaxilə maşını və 155 nəfərlik heyət havadan və qurudan müdaxilə edir.
Antalyanın Kumluca rayonunda səhər saatlarında iki fərqli nöqtədə baş verən meşə yanğınları isə qısa müddətdə nəzarət altına alınıb. Hazırda ərazilərdə soyutma işləri davam etdirilir. Yanğınların başvermə səbəbinin müəyyənləşdirilməsi üçün jandarma tərəfindən araşdırma aparılır.
Artan yanğın riski ilə əlaqədar Kumluca rayonunda meşəlik ərazilərə girişə 4 günlük qadağa tətbiq edilib.
Digər tərəfdən, Biləcikin Pazaryeri rayonunda kənd təsərrüfatı sahəsində baş verən yanğının meşəyə keçməsinin qarşısını almaq üçün havadan və qurudan müdaxilə davam edir.
Manisanın Alaşehir rayonunda zeytunluq və kolluq ərazidə baş vermiş yanğın isə nəzarət altına alınıb. İlkin məlumata görə, yanğın nəticəsində təxminən 40 hektar sahəyə ziyan dəyib.







