BAKI,TurkicWorld,Yusif Şərifzadə
Fransanın şimalında sahil yaxınlığında baş verən iki meşə yanğını səbəbindən düşərgədə qalan təxminən 1 200 nəfər təxliyə edilib.
TurkicWorld xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Pas-de-Kale departamentinin rəhbərliyi bildirib ki, yanğınlardan biri nəzarət altına alınıb, lakin digər yanğının söndürülməsi üçün şərait əlverişli deyil.
Açıqlamada qeyd olunub ki, əraziyə giriş çətinləşib və yanğın nəzarətsiz şəkildə cənuba doğru yayılır.
Təxliyə edilən düşərgə sakinlərinin müvəqqəti sığınacaqlara yerləşdirildiyi bildirilib.
Fransa və ümumilikdə Avropa qitəsi bu il qeyri-adi dərəcədə aktiv meşə yanğınları mövsümü ilə üzləşib. Mütəxəssislər qış aylarında yağıntıların çox olmasının bitki örtüyünün artmasına, daha sonra isə isti hava dalğaları zamanı həmin örtüyün quruyaraq yanğın riskini artırmasına səbəb olduğunu bildirirlər.
Fransanın ətraf mühit naziri Monik Barbu daha əvvəl isti hava dalğalarının ölkəyə birbaşa və dolayı yolla 15 milyard avroya qədər zərər vura biləcəyini açıqlayıb.






