Son dəqiqə

Avropa

Avropada mayeləşdirilmiş təbii qazın orta qiyməti 47% artıb

Bakı,TurkicWorld

Avropada mayeləşdirilmiş təbii qazın (LNG) orta qiyməti 47% artıb. Şərqi Asiyada isə neft qiymətlərinə indeksləşdirilmiş uzunmüddətli müqavilələr üzrə qazın qiyməti təxminən 28% bahalaşıb. Bu, regiona tədarük fasilələrinin öhdəsindən daha yaxşı gəlməyə imkan verir.

Bu barədə "Rystad Energy" şirkətinin məlumatında bildirilib.

Şirkətin araşdırmasına əsasən, Şərqi Asiyada LNG üzrə uzunmüddətli müqavilələrin 82%-i neft qiymətlərinə indeksləşdirilib. Neftin qiyməti isə spot bazarda LNG qiymətləri ilə müqayisədə xeyli az artıb. Bununla yanaşı, qaz hablarının və spot qiymətlərin göstəricilərinə indeksləşdirilmiş müqavilələr üzrə qiymətlər 72% yüksəlib.

"Avropada LNG-nin təxminən 65%-i spot bazardan alınır, uzunmüddətli müqavilələrin isə təxminən dörddə biri qaz qiymət indekslərinə bağlıdır. Belə alış strukturu regionu bazar dalğalanmalarına qarşı daha həssas edir.

Qaz tələbatının qalan hissəsini ödəmək üçün spot bazardan asılılıq strateji risklər yaradır. Tammiqyaslı alternativlər meydana çıxanadək uzunmüddətli müqavilələrin bağlanmasının təxirə salınması qazın daha yüksək bazar qiymətləri ilə alınması zərurəti yarandıqda əlavə xərclərə səbəb ola bilər. Müqavilələrin müddəti və nəzərdə tutulan tədarük həcmləri davam edən tələbatla uzlaşmalı, tədarük mənbələri və marşrutları isə şaxələndirilməlidir", – deyə şirkət bildirib.

"Rystad Energy" həmçinin vurğulayır ki, qiymətlərin ABŞ-nin Henry Hub indeksi ilə əlaqələndirilməsi və tədarük marşrutlarının düzgün seçilməsi müxtəlif riskləri azaltmağa imkan verir.

"ABŞ-nin Meksika körfəzi sahillərindən Avropaya LNG tədarükü Hörmüz boğazından keçmir. Asiyaya daşımalar isə Panama kanalındakı məhdudiyyətlərlə üzləşə və ya daha uzun alternativ marşrutlardan istifadəni tələb edə bilər. Buna görə də Avstraliya və Kanada Asiya üçün mühüm alternativ tədarük mənbələrinə çevrilə bilər", – deyə şirkət qeyd edib.

"Bundan əlavə, idxalçılara LNG partiyalarının çatdırılmadığı hallarda onların əvəzlənməsi öhdəliklərinə və tədarük fasilələri zamanı alternativ xammal mənbələrinin seçilməsi imkanlarına dair müqavilə şərtlərini diqqətlə araşdırmaq tövsiyə olunur.

ABŞ-də təbii qazın mayeləşdirilməsi güclərinin genişləndirilməsi Henry Hub indeksinə bağlı müqavilələrin bağlanması və qiymət risklərinin şaxələndirilməsi üçün əlavə imkanlar yaradır. Bununla belə, LNG zavodlarının qaza artan tələbatı və elektrik enerjisi sektorunun tələbi ABŞ bazarında qiymətlərin yüksək səviyyədə qalmasına səbəb ola bilər. Bu, hətta qlobal LNG istehsalı güclərinin genişləndirilməsinin Asiyada və Niderlandın TTF qaz habında spot qiymətlərin azalmasına şərait yaratdığı halda da baş verə bilər", – deyə şirkət bildirib.

Bununla əlaqədar Rystad Energy hesab edir ki, idxalçılar Henry Hub indeksinə bağlı müqavilələrin qiymət üstünlüyünün onların bütün qüvvədəolma müddəti ərzində qorunub saxlanılacağını qiymətləndirməlidirlər. Cari qiymət fərqinin dəyişməz qalacağını əvvəlcədən qəbul etmək düzgün deyil.

Mövzuya görə xəbərlər