Son dəqiqə

Kanada Fövqəladə vəziyyət təxliyə meşə yanğını Britaniya Kolumbiyası Sammerlend Bald Reync Kelouna

Kanadada meşə yanğını nəzarətdən çıxıb, minlərlə sakin təxliyə edilir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Kanadanın qərbində sürətlə yayılan meşə yanğını səbəbindən Britaniya Kolumbiyası əyalətinin Sammerlend dairəsində avqustun 8-də fövqəladə vəziyyət elan edilib və minlərlə sakinin yaşadığı ərazilər üçün təxliyə göstərişləri verilib.

TurkicWorld xəbər verir ki, Bald Reync adlanan meşə yanğını nəzarətdən çıxaraq şənbə günü səhər saatlarına olan məlumata əsasən, təxminən 5 min hektar ərazini əhatə edib. Yanğın həftə ərzində ətraf bölgələrdə də təxliyə göstərişlərinin verilməsinə səbəb olub.

Britaniya Kolumbiyası Meşə Yanğınları Xidmətinin məlumatına görə, yanğın Sammerlenddən təxminən 15 kilometr qərbdə başlayıb.

Kelouna şəhərindən təxminən 45 kilometr məsafədə yerləşən Sammerlenddə yanğın səbəbindən elektrik enerjisinin verilişi də dayanıb.

Yerli hakimiyyət sakinlərə içməli su ilə bağlı xəbərdarlıq edib və suyun istifadə edilməzdən əvvəl qaynadılmasını tövsiyə edib. Bildirilib ki, meşə yanğınının yaratdığı təhlükə səbəbindən su təmizləyici qurğunun fəaliyyətində yaranmış problem nəticəsində təmizlənməmiş su sistemə daxil olub.

2021-ci ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticələrinə görə, Sammerlenddə təxminən 12 min nəfər yaşayır.

Kanadanın Ontario və Kvebek də daxil olmaqla bir sıra əyalətləri bu il genişmiqyaslı meşə yanğınları ilə mübarizə aparıb. İsti və quraq hava şəraiti sıx meşəlik ərazilərdə yanğınların yayılmasını sürətləndirib.

Kanada meşə yanğınları ilə mübarizə üçün Meksika, Avstraliya, Fransa və Yeni Zelandiyadan yardım alıb.

Mövzuya görə xəbərlər