BAKI,TurkicWorld
Kanadanın Baş naziri Mark Karni ölkəsinin Avropa İttifaqının (Aİ) assosiativ üzvü statusunu əldə etməsi imkanını nəzərdən keçirir. Bu status Ottavaya ittifaqa tam üzv olmadan bir sıra iqtisadi və siyasi üstünlüklər verə bilər.
Bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, Karni bir neçə ay ərzində Avropa ölkələrinin liderləri ilə "Kanadanın və onun 41 milyon sakininin Aİ-yə daha sıx inteqrasiyasını" müzakirə edib. Nəşr qeyd edir ki, Ottava ilə Vaşinqton arasında ticarət müharibəsinin kəskinləşməsi fonunda Karni Aİ ilə münasibətləri yeni səviyyəyə çıxarmağa çalışır. Baş nazir Avropa liderlərinə Kanadanın Aİ-nin assosiativ üzvü olmasını təklif edib. Qəzetin yazdığına görə, üzvlük məsələsində adətən çeviklik nümayiş etdirməyən Aİ Ottavanın təşəbbüsünü müzakirə etməyə açıq olduğunu göstərib.
Nəşrin məlumatına əsasən, Karni Avropadakı xüsusi nümayəndəsinə Aİ-yə tam üzvlüyü və ya ittifaqın vahid bazarına qoşulmanı nəzərdə tutmayan, Aİ ilə yaxınlaşmanın ən iddialı variantlarını araşdırmağı tapşırıb. Bildirilir ki, baş nazir müşavirlərinə "yarım əsr ərzində" böyük ölçüdə ABŞ-a bağlı olan Kanada iqtisadiyyatını və ictimai həyatını yenidən istiqamətləndirmək niyyətində olduğunu bildirib.







