Kanada Zəfər Bayramı

Torontoda Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib

Bakı,TurkicWorld
Kanadanın Toronto şəhərində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bayram tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının Kanadada Səfirliyi və Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Kanada federal və əyalət parlamentlərinin üzvləri, diplomatik korpusun nümayəndələri, səfirliyin əməkdaşları, Azərbaycan diasporunun və yerli ictimaiyyətin təmsilçiləri, eləcə də Kanadada təhsil alan tələbələr iştirak ediblər.
Tədbir 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Azərbaycan Respublikasının Kanadada müvəqqəti işlər vəkili Vüsal Süleymanov çıxışında 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyət daşıdığını, milli qürur və şərəf rəmzi olduğunu vurğulayıb. Diplomat, həmçinin müharibədən sonrakı dövrdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri, eləcə də regionda davamlı sülh və sabitliyin təmin olunmasına yönəlmiş siyasəti barədə iştirakçılara məlumat verib.
“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri, Torontodakı Azərbaycan Evinin direktoru Lalin Həsənova çıxışında 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının birliyinin, əzminin və mübarizə ruhunun təcəssümü olduğunu qeyd edib. O, bu tarixi qələbənin xalqımızın yaddaşında xüsusi yer tutduğunu vurğulayıb.
Tədbirin bədii hissəsində Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri tərəfindən Azərbaycanın milli rəqsləri təqdim olunub.

Mövzuya görə xəbərlər