Son dəqiqə

Aİ

Aİ Azərbaycanda strateji sektorlara investisiyaların cəlb olunması üzərində işləyir

BAKI,TurkicWorld

Avropa Komissiyası Avropa şirkətlərinin Azərbaycanın iqtisadiyyatının strateji sektorlarına, o cümlədən bərpaolunan enerji sahəsinə özəl investisiyalarının cəlb edilməsi üzərində işləyir.

TurkicWorld-Un tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç çərşənbə günü Bakıda keçirilən "Aİ-Azərbaycan biznes forumu 2026"da bildirib.

Onun sözlərinə görə, Aİ-nin Azərbaycandakı nümayəndəliyi Avropa Komissiyasının Brüsseldəki həmkarları ilə birlikdə Avropanın özəl investisiyalarının ölkəyə cəlb edilməsinə dəstək göstərilməsi istiqamətində çalışır.

"İnvestisiyalar üçün proqnozlaşdırıla bilən şərait və bərabər rəqabət imkanları Azərbaycana investisiya yatırmaqda maraqlı olan Avropa şirkətləri üçün xüsusi əhəmiyyət daşıyır. Oktyabrın əvvəlində Avropa Komissiyası Brüsseldə Avropa biznes assosiasiyalarının iştirakı ilə təmiz enerji sahəsində Aİ-Azərbaycan biznes dəyirmi masası təşkil edib. Avropa İttifaqı və Azərbaycan 1999-cu il tarixli mövcud Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini əvəz etməli olan yeni hərtərəfli saziş üzrə danışıqları rəsmi olaraq bərpa ediblər", - deyə o bildirib.

Onun sözlərinə görə, danışıqların artıq iki raundu - Brüsseldə və Bakıda keçirilib və proses davam edir.

Aİ nümayəndəliyinin rəhbəri vurğulayıb ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalır, enerji sektoru isə ikitərəfli əməkdaşlıqda mərkəzi rol oynamaqda davam edir.

O bildirib ki, Azərbaycan, xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə Aİ-nin mühüm enerji resursları təchizatçısıdır. Bununla yanaşı, bərpaolunan enerji, külək enerjisi və yaşıl keçid sahələrində əməkdaşlıq genişlənir.

Qeyd edək ki, hazırda Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın 30 illiyinə və Biznes Forumunun keçirilməsinin 10 illiyinə həsr olunmuş Aİ-Azərbaycan Biznes Forumu keçirilir.

Bu il tədbir "Dəhlizləri birləşdirərək: bağlantılar və infrastruktur" mövzusuna həsr olunub. Əsas diqqət nəqliyyat əlaqələrinin və infrastrukturun inkişafına, Aİ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə, eləcə də regional ticarət və investisiyaların genişləndirilməsinə yönəldilib. Proqram çərçivəsində yüksək səviyyəli müzakirələr, tematik sessiyalar və dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə işgüzar görüşlər keçirilir.

Mövzuya görə xəbərlər