BAKI,TurkicWorld,Yusif Şərifzadə
İspaniya Avropa İttifaqında iqlim dəyişikliklərinin nəticələrinə uyğunlaşma üçün ayrıca fond yaradılmasını və məcburi hədəflərin müəyyən edilməsini təklif edib. Madrid hökuməti hesab edir ki, sürətlənən iqlim dəyişikliklərinin yaratdığı xərclər mövcud siyasətlərin gücləndirilməsini tələb edir.
TurkicWorld xəbər verir ki, İspaniyanın ətraf mühit naziri Sara Aagesen Avropa İttifaqının iqlim məsələləri üzrə komissarı Vopke Hukstraya göndərdiyi məktubda uyğunlaşma tədbirlərinin artıq yalnız reaksiya xarakterli olmamalı olduğunu bildirib.
İspaniya hökumətinin hesablamalarına görə, Aİ ölkələri 1980-ci ildən etibarən iqlim dəyişiklikləri və ekstremal hava hadisələri nəticəsində 822 milyard avro itki ilə üzləşib.
Məlumata görə, bu itkilərin təxminən dörddə biri 2021-2024-cü illər arasında qeydə alınıb. İspaniya özü də artan temperatur, meşə yanğınları və quraqlıqdan ən çox təsirlənən Avropa ölkələrindən biridir.
Avropa İttifaqı 2050-ci ilə qədər iqlim neytrallığına nail olmağı və 2030-cu ilədək istixana qazı tullantılarını 1990-cı il səviyyəsi ilə müqayisədə ən azı 55 faiz azaltmağı qarşıya məqsəd qoyub.
Aİ Komissiyası 2021-ci ildə qəbul edilmiş uyğunlaşma strategiyasını yeniləyərək üzv ölkələr üçün daha geniş İqlim Dayanıqlığı Çərçivəsi hazırlayır.
İspaniya hesab edir ki, yalnız mövcud zərərlərə cavab verən siyasətlər artıq təhlükəsizlik, iqtisadi rifah və rəqabət qabiliyyətini qorumaq üçün kifayət etmir.







