BAKI,TurkicWorld
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Rumıniya Prezidenti Nikuşor Danı oktyabrın 24-də Səudiyyə Ərəbistanında keçiriləcək Avropa İttifaqı (Aİ) və Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) ikinci zirvə görüşündə iştirak etməyə dəvət edib.
TurkicWorld xəbər verir ki, kral Salman Rumıniya prezidentinə bununla bağlı yazılı dəvət məktubu göndərib.
Məktubu Səudiyyə Ərəbistanının Rumıniyadakı səfiri Xalid bin Eyd əş-Şəmmari Buxarestdəki Kotroçeni sarayında Rumıniya prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Marius Qabriel Lazurka ilə görüş zamanı təqdim edib.
Görüşdə iki ölkəni maraqlandıran məsələlər, eləcə də Səudiyyə Ərəbistanı ilə Rumıniya arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Oktyabrın 24-də keçiriləcək zirvə görüşündə Avropa İttifaqının 27 üzv dövlətinin və Körfəz Əməkdaşlıq Şurasına daxil olan altı ölkənin rəhbərlərinin iştirakı nəzərdə tutulur.
Körfəz Əməkdaşlıq Şurasının üzvləri Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Oman, Qətər və Birləşmiş Ərəb Əmirlikləridir.
Avropa İttifaqı tərəfindən görüşə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta həmsədrlik edəcək. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də toplantıda ittifaqı təmsil edəcək.
Qeyd edək ki, Avropa İttifaqı ilə Körfəz Əməkdaşlıq Şurası arasında əməkdaşlığın hüquqi əsası 1989-cu ildə imzalanmış sazişlə qoyulub.
Həmin saziş iqtisadi əlaqələrin inkişafı, iqlim dəyişikliyi, energetika, ətraf mühitin mühafizəsi və elmi tədqiqatlar sahələrində əməkdaşlığı nəzərdə tutur.
Tərəflər arasında keçiriləcək ikinci zirvə görüşü bu istiqamətlərdə əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından əhəmiyyət daşıyır.







