BAKI,TurkicWorld,Yusif Şərifzadə
Avropa İttifaqı Serbiyanın şimal-şərqində yerləşən təbiət qoruğunda davam edən genişmiqyaslı meşə yanğınının söndürülməsinə kömək məqsədilə ölkəyə helikopterlər, yanğınsöndürənlər və xüsusi nəqliyyat vasitələri göndərəcək. Yardım Avropa İttifaqının Mülki Müdafiə Mexanizmi çərçivəsində göstəriləcək.
TurkicWorld xəbər verir ki, Serbiya bir neçə həftədir paytaxt Belqraddan təxminən 80 kilometr məsafədə yerləşən Deliblatska Peşçara təbiət ərazisində və ölkənin cənub-qərbindəki digər bölgələrdə davam edən yanğınlarla mübarizə apardıqdan sonra avqustun 21-də Avropa İttifaqının Mülki Müdafiə Mexanizmini işə salıb.
Avropa İttifaqının Belqraddakı nümayəndəliyinin rəhbəri Andreas fon Bekerat bildirib ki, qurum insanların həyatının, yaşayış vasitələrinin və Deliblatska Peşçaranın nadir təbii irsinin qorunmasında Serbiyaya dəstək verir.
Serbiya Fövqəladə Hallar İdarəsinin rəhbəri Luka Çauşiçin sözlərinə görə, Avropadan göndəriləcək yardımın tərkibinə yanğınların söndürülməsi üçün dörd “Black Hawk” helikopteri daxildir.
Almaniya Serbiyaya 55 yanğınsöndürən və 24 xüsusi nəqliyyat vasitəsi göndərəcək. Rumıniya isə yanğınlarla mübarizəyə 69 yanğınsöndürən və 15 nəqliyyat vasitəsi ilə qoşulacaq.
Serbiya Avropa İttifaqının üzvü olmasa da, Mülki Müdafiə Mexanizmi vasitəsilə fövqəladə vəziyyətlər zamanı qurumun yardımından istifadə etmək imkanına malikdir.
Serbiyaya yanğınlarla mübarizədə Rusiya da yardım göstərir. Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus İl-76P yanğınsöndürmə təyyarəsi avqustun 19-da Serbiyanın cənubundakı Niş şəhərinə göndərilib.
Deliblatska Peşçara ərazisində iyulun sonlarından davam edən yanğınların minlərlə hektar şam meşəsini məhv etdiyi bildirilir.
Luka Çauşiç şənbə günü vəziyyətin əvvəlki günlərlə müqayisədə daha sabit olduğunu açıqlayıb. Bununla belə, güclü küləyin gözlənilməsi yanğının yenidən genişlənməsi təhlükəsini artırır. Serbiya fövqəladə hallar xidmətlərinin əsas məqsədi yaşayış məntəqələrini qorumaq və insan tələfatının qarşısını almaqdır.
Ölkənin cənub-qərbində yerləşən dağlıq Stolovi bölgəsində də geniş meşə yanğınlarının davam etdiyi bildirilir.





