Son dəqiqə

Hümmət Əliyev Mediasiya Şurası mediasiya mediator Hüquqşünaslar Hüquq keyfiyyətli mediasiya mediasiya standartları UNCITRAL

“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev

BAKI,TurkicWorld

1. Keyfiyyətli mediasiya nədir?
Hümmət Əliyev: Keyfiyyətli mediasiya dedikdə, mediasiya prosesinin qanunvericiliyin tələblərinə, mediasiyanın əsas prinsiplərinə və peşəkar etik davranış qaydalarına uyğun şəkildə aparılması başa düşülür. Keyfiyyət yalnız tərəflərin barışıq sazişi bağlaması ilə ölçülmür. Əsas məsələ tərəflərin prosesdə özlərini sərbəst, bərabər, təhlükəsiz və eşidilmiş hiss etməsidir. Peşəkar mediator müstəqilliyini, qərəzsizliyini və məxfiliyi qorumaqla tərəflərə mübahisənin qarşılıqlı məqbul həllini tapmaq üçün şərait yaratmalıdır. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunu da mediasiya prosesinin qanuna, mediasiya prosesinin həyata keçirilməsi qaydalarına və mediatorların peşəkar etik davranış qaydalarına uyğun aparılmasını nəzərdə tutur.
2. Keyfiyyətə kim nəzarət edir?
Hümmət Əliyev: Azərbaycanda mediasiya sahəsində tənzimləmə və nəzarət funksiyalarını qanunvericiliyə uyğun olaraq Mediasiya Şurası həyata keçirir. Mediasiya Şurası mediatorların, mediasiya təşkilatlarının və mediasiya təlimi qurumlarının fəaliyyətinin müəyyən olunmuş tələblərə uyğun təşkilində mühüm rol oynayır. Bununla yanaşı, mediasiya təşkilatlarının öz fəaliyyətləri çərçivəsində mediatorların göstərdikləri xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi üçün müvafiq qaydaya malik olması da qanunvericiliyin tələblərindən biridir. Bu yanaşma həm institusional nəzarətin, həm də xidmət keyfiyyətinin davamlı qiymətləndirilməsinin təmin edilməsinə xidmət edir.
3. Standartlar varmı?
Hümmət Əliyev: Bəli, mediasiya sahəsində keyfiyyət standartları həm milli, həm də beynəlxalq səviyyədə mövcuddur. Azərbaycanda bu standartlar ilk növbədə “Mediasiya haqqında” Qanundan, mediasiya prosesinin həyata keçirilməsi qaydalarından və mediatorların peşəkar etik davranış qaydalarından irəli gəlir. Bu sənədlərdə mediatorun davranışı, müstəqilliyi, qərəzsizliyi, məxfiliyin qorunması və peşəkarlıq kimi mühüm prinsiplər müəyyən edilir. Beynəlxalq təcrübədə isə mediatorların peşə hazırlığı, davamlı təlimi, müstəqilliyi, tərəflərin sərbəst qərar verməsi və prosesin keyfiyyətli təşkili əsas standartlar sırasında yer alır.
4. Keyfiyyət etimada necə təsir edir?
Hümmət Əliyev: Mediasiya xidmətinin keyfiyyəti birbaşa olaraq vətəndaşların bu instituta olan etimadına təsir göstərir. Tərəflər mediatorun qərəzsiz, peşəkar və obyektiv fəaliyyət göstərdiyini gördükdə mediasiya prosesinə daha çox etibar edirlər. Əksinə, etik qaydaların və ya məxfilik prinsiplərinin pozulması mediasiyaya olan inama mənfi təsir göstərə bilər. Məhz buna görə də yüksək keyfiyyətli mediasiya yalnız konkret mübahisənin həllinə deyil, bütövlükdə mediasiya institutunun nüfuzunun formalaşmasına xidmət edir. Azərbaycan qanunvericiliyində mediatorların peşəkar etik davranış qaydalarının məqsədlərindən biri də vətəndaşların mediatorlara və mediasiya təşkilatlarına etimadının yüksəldilməsidir.
5. Beynəlxalq meyarlar hansılardır?
Hümmət Əliyev: Beynəlxalq təcrübədə keyfiyyətli mediasiyanın əsas meyarları mediatorun peşəkarlığı və səriştəliliyi, müstəqilliyi və qərəzsizliyi, tərəflərin öz müqəddəratını təyin etmək hüququnun qorunması, könüllülük, məxfilik və prosesin şəffaf təşkilidir. UNCITRAL sənədlərində mediatorun peşəkar təcrübəsi, ixtisası, müstəqilliyi və qərəzsizliyi mühüm amillər kimi nəzərdən keçirilir. Avropa təcrübəsində isə mediatorların müvafiq hazırlığa malik olması və peşə biliklərini davamlı şəkildə təkmilləşdirməsi əsas keyfiyyət göstəricilərindən hesab olunur. Bu beynəlxalq yanaşmaların ümumi məqsədi mediasiya prosesinin nəticəsindən asılı olmayaraq, prosesin özünün ədalətli, etibarlı və peşəkar şəkildə həyata keçirilməsini təmin etməkdir.

Mövzuya görə xəbərlər