Quba Soyqırımı Memorial Kompleksi və Quba 1 saylı Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə “Ədalətli cəmiyyət, qorunan hüquqlar, barışıq mədəniyyəti: korrupsiyaya qarşı mübarizə, uşaq hüquqlarının müdafiəsi və mediasiyanın rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Quba 1 saylı Mediasiya Təşkilatının təsisçisi və direktoru, hüquqşünas-mediator Hümmət Əliyev, Quba Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova və kompleksin kollektivi iştirak ediblər.
Tədbirin əsas məqsədi cəmiyyətdə hüquqi biliklərin artırılması, korrupsiyaya qarşı mübarizənin əhəmiyyətinin diqqətə çatdırılması, uşaq hüquqlarının müdafiəsi sahəsində ictimai məsuliyyətin gücləndirilməsi, eləcə də mübahisələrin sülh və dialoq yolu ilə həllində mediasiyanın imkanlarının təşviq edilməsi olub
Çıxışlar zamanı korrupsiyanın cəmiyyətin inkişafına və ictimai etimada mənfi təsirləri, qanunun aliliyinin təmin olunmasının əhəmiyyəti, uşaqların hüquq və mənafelərinin qorunması, onların təhlükəsiz və sağlam mühitdə formalaşmasının vacibliyi ətrafında fikir mübadiləsi aparılıb.
Quba 1 saylı Mediasiya Təşkilatının təsisçisi və direktoru Hümmət Əliyev mediasiyanın müasir cəmiyyətdə hüquqi mübahisələrin həllində rolundan danışaraq qeyd edib ki, mediasiya yalnız mübahisələrin həlli mexanizmi deyil, eyni zamanda qarşılıqlı anlaşmanın, dialoqun, etimadın və barışıq mədəniyyətinin formalaşmasına xidmət edən mühüm sosial institutdur. O, xüsusilə ailə münasibətlərində və uşaqların hüquq və mənafelərinə toxunan mübahisələrdə həssas yanaşmanın, uşağın üstün mənafeyinin qorunmasının və qanunvericiliyin tələblərinə riayət edilməsinin vacibliyini vurğulayıb.
Quba Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova bu kimi maarifləndirici təşəbbüslərin cəmiyyətin hüquqi və vətəndaşlıq şüurunun inkişafına, ictimai məsuliyyətin artırılmasına verdiyi töhfənin əhəmiyyətini qeyd edib.
Tədbir çərçivəsində iştirakçıları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb, hüquqi maarifləndirmənin genişləndirilməsi və gələcəkdə bu istiqamətdə birgə təşəbbüslərin həyata keçirilməsi imkanları dəyərləndirilib.
Görüşün sonunda hüquqi maarifləndirmə, insan hüquqlarının müdafiəsi, korrupsiyaya qarşı mübarizə və mediasiya mədəniyyətinin təşviqi istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

