Son dəqiqə

Azərbaycan media Hümmət Əliyev Mediasiya Şurası psixoloji manipulyasiya Mediasiya institutları mediasiya mediator Mediasiya haqqında Qanun

Mediasiyada psixoloji amillər və mediatorun rolu - Hümmət Əliyev

1. Psixoloji amillər mediasiya prosesində hansı rolu oynayır?

— Mediasiya yalnız hüquqi mübahisənin həlli deyil, eyni zamanda insanlar arasında yaranmış fikir ayrılığının və münasibətlərdəki gərginliyin idarə olunması prosesidir. Buna görə də tərəflərin psixoloji vəziyyəti mediasiyanın nəticəsinə ciddi təsir göstərə bilər.

Mübahisə zamanı insanlarda qəzəb, inciklik, qorxu, narahatlıq, inamsızlıq və bəzən də qarşı tərəfə qarşı düşmən münasibəti yarana bilər. Bu emosiyalar tərəfin öz mövqeyini düzgün ifadə etməsinə və qarşı tərəfin mövqeyini obyektiv dinləməsinə mane ola bilər.

Mediatorun vəzifəsi bu emosiyaları qiymətləndirərək tərəflərdən birinin psixoloji problemini həll etmək deyil. Mediator təhlükəsiz və konstruktiv ünsiyyət mühiti yaratmalı, tərəflərin öz mövqelərini sərbəst ifadə etməsinə və mübahisənin mahiyyətinə daha sakit yanaşmasına şərait yaratmalıdır.

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit edilmiş könüllülük, tərəflərin bərabərliyi, mediatorun müstəqilliyi və qərəzsizliyi kimi prinsiplər də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki tərəflərin öz iradəsi ilə prosesdə iştirak etməsi və mediatorun heç bir tərəfin mövqeyini müdafiə etməməsi sağlam ünsiyyət üçün mühüm əsas yaradır.

2. Mediasiya zamanı tərəflərin emosiyaları necə idarə olunur?

— İlk növbədə qeyd etmək lazımdır ki, mediator tərəflərin emosiyalarını “idarə edən” və ya onlara psixoloji təsir göstərən şəxs deyil. Mediatorun əsas vəzifəsi emosional gərginliyin mediasiyanın normal gedişinə mane olmasının qarşısını almaqdır.

Bunun üçün mediator tərəfləri diqqətlə dinləyir, onların fikirlərini sərbəst ifadə etməsinə imkan verir və zəruri hallarda müzakirənin daha konstruktiv istiqamətə yönəlməsinə kömək edir.

Məsələn, tərəflərdən biri yüksək emosional vəziyyətdədirsə, mediator dərhal onun sözünü kəsmək və ya onu sakitləşdirməyə çalışmaq əvəzinə, əvvəlcə həmin şəxsin nə demək istədiyini anlamağa çalışa bilər. Bəzən insanın dinlənildiyini hiss etməsi belə gərginliyin azalmasına səbəb olur.

Lakin burada mühüm bir sərhəd var: mediator psixoterapiya aparmır, tibbi və ya psixoloji diaqnoz qoymur. Əgər tərəfin vəziyyəti mediasiyanın davam etdirilməsinə mane olursa və ya xüsusi peşəkar müdaxiləyə ehtiyac yaranırsa, mediator öz səlahiyyət həddini aşmamalıdır.

3. Aktiv dinləmə mediasiyada niyə bu qədər vacibdir?

— Aktiv dinləmə mediasiyanın ən mühüm kommunikasiya vasitələrindən biridir. Çünki mübahisədə tərəflər çox vaxt yalnız özlərini ifadə etmək istəyirlər, qarşı tərəfi isə həqiqətən dinləmirlər.

Aktiv dinləmə sadəcə susub qarşı tərəfin danışmasını gözləmək deyil. Bu, deyilən fikri diqqətlə dinləmək, onun mahiyyətini anlamaq, lazım gəldikdə dəqiqləşdirici suallar vermək və qarşı tərəfin mövqeyinin düzgün başa düşüldüyünü göstərməkdir.

Məsələn, tərəf “Mənim əsas problemim pul deyil” deyirsə, mediator bunun arxasında hansı ehtiyacın dayandığını anlamağa çalışa bilər. Ola bilsin ki, həmin şəxsin əsas narazılığı hörmətsizlik, etimadsızlıq və ya ədalətsiz münasibətlə bağlıdır.

Belə yanaşma mübahisənin yalnız görünən hissəsini deyil, tərəflərin həqiqi maraq və ehtiyaclarını müəyyən etməyə imkan verir.

Mediasiyanın əsas üstünlüklərindən biri də məhz budur: tərəflər bir-birinin mövqeyini daha yaxşı anladıqda, qarşılıqlı məqbul həllə gəlmək imkanları artır.

4. Mediator mediasiya prosesində psixoloq rolunu oynayırmı?

— Xeyr. Mediator psixoloq deyil və onun funksiyası psixoloqun funksiyasından fərqlənir.

Mediatorun əsas vəzifəsi tərəflər arasında yaranmış mübahisənin onların qarşılıqlı razılığı əsasında həllinə kömək etməkdir. O, tərəflərə hazır qərar vermir, kiminsə haqlı və ya haqsız olduğunu müəyyən etmir və tərəflərdən birinin maraqlarını digərinin hesabına müdafiə etmir.

Psixoloq isə öz peşə fəaliyyətinin çərçivəsində insanın psixoloji vəziyyəti, emosional çətinlikləri və digər psixoloji məsələləri ilə işləyə bilər.

Mediator isə mediasiya prosesində psixoloji biliklərdən yalnız ünsiyyəti düzgün qurmaq, gərginliyi azaltmaq, tərəfləri dinləmək və konstruktiv dialoqa şərait yaratmaq baxımından istifadə edir.

Mən bunu belə ifadə edərdim: mediator psixoloq deyil, amma yaxşı mediator insan psixologiyasını anlamalıdır.

Bu fərqin qorunması mediatorun qərəzsizliyinin, peşəkar sərhədlərinin və mediasiyanın mahiyyətinin qorunması baxımından çox vacibdir.

5. Mediator hüquqi yanaşma ilə tərəflərin psixoloji və emosional vəziyyətinə həssas münasibət arasında balansı necə qoruyur?

— Bu balans mediator peşəsinin ən həssas məsələlərindən biridir.

Mediator bir tərəfdən mediasiyanın qanunvericiliyin tələblərinə və əsas prinsiplərinə uyğun aparılmasını təmin etməlidir. Digər tərəfdən isə tərəflərin insan olduğunu, onların mübahisəyə yalnız hüquqi deyil, həm də emosional və sosial baxımdan yanaşdığını nəzərə almalıdır.

Burada əsas məsələ mediatorun sərhədləri düzgün müəyyən etməsidir. O, tərəflərin emosiyalarını dinləyə bilər, lakin onların əvəzinə qərar verə bilməz. Tərəflərin maraq və ehtiyaclarını anlamağa kömək edə bilər, lakin onlara hüquqi və ya psixoloji baxımdan səlahiyyətindən kənar məsləhətlər verməməlidir.

Eyni zamanda mediator tərəflər arasında balansı qorumalı, hər iki tərəfə bərabər münasibət göstərməli və heç bir tərəfin təsiri altına düşməməlidir.

Mən hesab edirəm ki, yaxşı mediatorun gücü mübahisəni özünün həll etməsində deyil, tərəflərin öz həll yollarını tapmasına şərait yaratmasındadır.

Sonda bir məqamı xüsusilə vurğulamaq istərdim: mediasiyada insanı yalnız “iddiaçı”, “cavabdeh”, “borclu”, “işəgötürən” və ya “işçi” kimi görmək düzgün deyil. Hər bir mübahisənin arxasında bir insan, onun maraqları, narahatlıqları və gözləntiləri dayanır. Mediator hüquqi çərçivəni qorumaqla yanaşı, bunu da nəzərə aldıqda mediasiyanın əsas məqsədinə — mübahisənin sülh yolu ilə, tərəflərin iradəsi və qarşılıqlı razılığı əsasında həllinə daha səmərəli şəkildə xidmət etmiş olur.

Mövzuya görə xəbərlər