Son dəqiqə

Azərbaycan Qazaxıstan Türkmənistan

Azərbaycan, Qazaxıstan və Türkmənistan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilərlər

Bakı,TurkicWorld

Yaxın Şərqdə münaqişənin uzanması dünya bazarında neft qiymətlərinin daha da artmasına səbəb olarsa, Azərbaycan, Qazaxıstan və Türkmənistan bundan iqtisadi fayda əldə edə bilər.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya ölkələri departamentinin direktor müavini Roberto Kardarelli "Qafqaz və Mərkəzi Asiya: qeyri-müəyyənliyin aradan qaldırılması" adlı regional iqtisadi icmalın təqdimatı zamanı bildirib.

O, BVF-nin baza proqnozunda nəzərdə tutulduğundan fərqli olaraq, Fars körfəzi ölkələrindən neft tədarükündə fasilələrin daha genişmiqyaslı və uzunmüddətli olmasını ehtiva edən mənfi ssenarini təqdim edib.

Bu ssenariyə əsasən, "Brent" markalı neftin qiyməti 2027-ci ildə bir barel üçün 130 dollara çata bilər. Eyni zamanda, qiymətlərin azalması baza ssenarisi ilə müqayisədə daha yavaş baş verəcək. Neft tədarükünün həcmi isə baza proqnozu ilə müqayisədə gündəlik təxminən 4 milyon barel azala bilər.

Belə bir vəziyyətin nəticələri region ölkələri üçün fərqli olacaq. Azərbaycan, Qazaxıstan və Türkmənistan da daxil olmaqla, neft ixracatçısı olan ölkələr enerji daşıyıcılarının bahalaşmasından potensial fayda əldə edə bilərlər.

Bununla yanaşı, regionun neft idxal edən ölkələrində iqtisadi artım tempi baza proqnozu ilə müqayisədə təxminən 0,5 faiz bəndi aşağı ola bilər. Enerji daşıyıcılarının bahalaşması səbəbindən isə regionun bütün ölkələrində inflyasiya sürətlənəcək.

Kardarelli vurğulayıb ki, bu ssenari BVF-nin baza proqnozunda nəzərdə tutulduğundan daha uzunmüddətli münaqişəni və enerji resurslarının tədarükündə daha ciddi fasilələri ehtiva etdiyindən, qlobal və regional iqtisadi perspektivlərin pisləşməsi risklərini əks etdirir.

Mövzuya görə xəbərlər