Son dəqiqə

Hümmət Əliyev

Məktəbdə mübahisələri dialoqla həll etməyi necə öyrətmək olar? - Hümmət Əliyev

GİRİŞ

Təhsil yalnız bilik və bacarıqların öyrədildiyi məkan deyil, eyni zamanda şəxsiyyətin formalaşdığı, sosial münasibətlərin qurulduğu və həyat dəyərlərinin aşılandığı mühüm bir mühitdir. Bu mühitdə şagirdlər, müəllimlər, valideynlər və məktəb rəhbərliyi arasında müxtəlif fikir ayrılıqlarının və mübahisələrin yaranması təbiidir.

Bəs belə hallarda mübahisələri yalnız intizam tədbirləri ilə həll etmək nə dərəcədə doğrudur? Şagirdlərə münaqişələri dialoq və qarşılıqlı anlaşma yolu ilə həll etməyi öyrətmək mümkündürmü?

Dünyanın bir sıra ölkələrində tətbiq edilən məktəb mediasiyası və həmyaşıd mediasiyası modelləri göstərir ki, mübahisələrin sülh yolu ilə həlli bacarığı təhsil prosesinin mühüm tərkib hissəsinə çevrilə bilər.

Bu həftə mediator Hümmət Əliyevlə təhsil sistemində mediasiyanın imkanlarını, məktəblərdə mübahisələrin həlli mexanizmlərini və beynəlxalq təcrübəni müzakirə edirik.

1. Məktəblərdə mediasiya tətbiq oluna bilərmi?

Bəli, hesab edirəm ki, mediasiya yanaşmalarının məktəblərdə tətbiqi həm mümkündür, həm də olduqca faydalıdır. Çünki məktəb yalnız təhsil müəssisəsi deyil, eyni zamanda insanların ünsiyyət qurmağı, fərqli fikirlərə hörmət etməyi və problemləri sivil şəkildə həll etməyi öyrəndiyi sosial mühitdir.

Burada bir hüquqi məqamı da qeyd etmək vacibdir. Azərbaycan Respublikasının 2019-cu il 3 aprel tarixli “Mediasiya haqqında” Qanununun 3-cü maddəsi mediasiyanın tətbiq dairəsini mülki, iqtisadi, ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə müəyyən edir. Məktəbdaxili şagird mübahisələri isə avtomatik olaraq həmin Qanun çərçivəsində formal mediasiya prosesi hesab edilmir.

Lakin bu, məktəblərdə mediasiya prinsiplərindən və barışdırıcı yanaşmalardan istifadə edilməsinə mane olmur. Əksinə, məktəblərdə xüsusi münaqişə həlli mexanizmlərinin, həmyaşıd mediasiyası proqramlarının və bərpaedici dialoq metodlarının tətbiqi üçün geniş imkanlar mövcuddur.

Mənim fikrimcə, hər bir məktəbdə şagirdlərin bir-birini dinləməsinə, qarşılıqlı anlaşmasına və mübahisələrini sülh yolu ilə həll etməsinə şərait yaradan mexanizm olmalıdır.

2. Şagird mübahisələri necə həll olunur?

Şagirdlər arasında mübahisələr müxtəlif səbəblərdən yarana bilər. Bəzən bu, adi anlaşılmazlıq, dostluq münasibətlərində yaranan inciklik, oyun zamanı fikir ayrılığı, bəzən isə sosial şəbəkələrdə baş verən mübahisələr olur.

Belə hallarda ilk addım tərəfləri dinləmək, problemin əsl səbəbini müəyyənləşdirmək və onların hər birinə öz fikrini sərbəst ifadə etmək imkanı yaratmaqdır.

Məsələn, iki şagird arasında yaranmış mübahisəni götürək. Ənənəvi yanaşmada müəllim tərəfləri dinləyərək qərar verə və intizam tədbiri tətbiq edə bilər. Mediasiya yanaşmasında isə şagirdlərə aşağıdakı suallar ünvanlanır:

  • Nə baş verib?
  • Bu hadisə sənə necə təsir edib?
  • Qarşı tərəfin hansı hissləri yaşadığını düşünürsən?
  • Problemin həlli üçün nə təklif edirsən?
  • Gələcəkdə belə halın təkrarlanmaması üçün nə edə bilərik?

Bu suallar şagirdlərə yalnız öz mövqelərini müdafiə etməyi deyil, qarşı tərəfin hisslərini və düşüncələrini də anlamağı öyrədir.

Burada həmyaşıd mediasiyası modelinin xüsusi əhəmiyyəti var. Müvafiq təlim keçmiş şagirdlər kiçik mübahisələrin həllində öz yaşıdlarına vasitəçilik edə bilərlər. Lakin onlar qərar vermir, tərəf saxlamır və heç kimə həll yolu diktə etmirlər.

Bir vacib məqamı da vurğulamaq istəyirəm: zorakılıq, təzyiq, sistemli bullinq və güc bərabərsizliyi olan halları adi fikir ayrılığı kimi qiymətləndirmək olmaz. Belə vəziyyətlərdə uşağın təhlükəsizliyi və hüquqlarının müdafiəsi birinci yerdə dayanmalı, məktəb rəhbərliyi və müvafiq mütəxəssislər müdaxilə etməlidir. Mediasiya heç bir halda zərərçəkmiş uşağın iştiraka məcbur edilməsi vasitəsinə çevrilməməlidir.

Template blocks/news/article_inline not found. FILE: /home/tmbircom/www_newsy/classes/tpl.class.php, CLASS: tpl, LINE: 94

3. Təhsil mediasiyası nə qazandırır?

Təhsil mediasiyasının ən böyük üstünlüyü mübahisəni sadəcə aradan qaldırmaq deyil, onun yaranmasına səbəb olan davranış və münasibətləri dəyişdirmək imkanından ibarətdir.

Bu yanaşma şagirdlərdə bir sıra mühüm bacarıqlar formalaşdırır:

Birincisi, dinləmək mədəniyyəti – başqasının fikrini kəsmədən dinləmək və anlamaq.

İkincisi, empatiya – özünü qarşı tərəfin yerinə qoymaq və onun hisslərini nəzərə almaq.

Üçüncüsü, məsuliyyət hissi – öz davranışının nəticələrini dərk etmək və vurulan mənəvi zərəri aradan qaldırmağa çalışmaq.

Dördüncüsü, ünsiyyət və problem həlli bacarığı – çətinliklər qarşısında aqressiyaya deyil, dialoqa üstünlük vermək.

Beşincisi, sağlam məktəb mühiti – şagirdlər arasında etimadın, qarşılıqlı hörmətin və əməkdaşlığın güclənməsi.

Əslində, biz bu gün şagirdlərə mübahisələri həll etməyi öyrətməklə onların sabah ailədə, iş həyatında və cəmiyyətdə qarşılaşacaqları problemləri daha düzgün idarə etmələrinə zəmin yaradırıq.

Mən belə hesab edirəm ki, məktəbdə mediasiya mədəniyyətinin formalaşması uzunmüddətli perspektivdə bütövlükdə cəmiyyətin barışıq və anlaşma mədəniyyətinə müsbət təsir göstərə bilər.

4. Müəllimlərin bu prosesdə rolu nədir?

Müəllim təhsil mediasiyasının uğurunda ən mühüm şəxslərdən biridir. Çünki müəllim yalnız bilik verən deyil, həm də davranışı, münasibəti və şəxsi nümunəsi ilə şagirdlərə təsir göstərən insandır.

Müəllimlər ilk növbədə sinifdə qarşılıqlı hörmətə əsaslanan münasibət mühiti yaratmalıdırlar. Şagirdlər bilməlidirlər ki, onların fikirləri dinlənilir, problemləri diqqətdən kənarda qalmır və heç kim alçaldılmadan, təhqir edilmədən öz mövqeyini ifadə edə bilər.

Müəllimlər mübahisə zamanı tərəf tutmaq əvəzinə, uşaqları dinləməyə, suallar verməyə və problemin həllində iştirak etməyə təşviq edə bilərlər.

Bununla yanaşı, müəllimlərin mediasiya və münaqişələrin idarə olunması üzrə maarifləndirilməsi də vacibdir. Məktəblərdə bu istiqamətdə xüsusi təlimlərin keçirilməsi, mediatorların iştirakı ilə maarifləndirici görüşlərin təşkili və müəllimlər üçün praktik metodik vəsaitlərin hazırlanması məqsədəuyğun olardı.

Ancaq bir məsələni də unutmayaq: müəllim hər zaman mediator rolunu üzərinə götürməli deyil. Ciddi münaqişələrdə, zorakılıq və təhlükəsizlik riskləri olduqda müvafiq mütəxəssislərin və məktəb rəhbərliyinin iştirakı vacibdir.

Müəllimin əsas vəzifəsi uşaqlara problemi gizlətməyi deyil, onu düzgün və təhlükəsiz şəkildə həll etməyi öyrətməkdir.

5. Beynəlxalq təcrübədə təhsil mediasiyasının nümunələri varmı?

Bəli, dünyanın müxtəlif ölkələrində məktəb mediasiyası, həmyaşıd mediasiyası və bərpaedici yanaşmalar uğurla tətbiq edilir.

Məsələn, Finlandiyada 2001-ci ildən fəaliyyət göstərən VERSO proqramı məktəblərdə həmyaşıd mediasiyasının inkişafına xidmət edir. Bu model çərçivəsində xüsusi hazırlıq keçmiş şagirdlər gündəlik məktəb həyatında yaranan kiçik mübahisələrin həllinə kömək edirlər.

Yeni Zelandiyada tətbiq edilən “Cool Schools” proqramı da diqqətəlayiq nümunədir. Bu proqram uşaqlara münaqişələri zorakılıq və aqressiya olmadan, dialoq və qarşılıqlı anlaşma əsasında həll etməyi öyrədir.

Şotlandiyada Education Scotland tərəfindən təqdim olunan həmyaşıd mediasiyası resursları məktəblərdə şagirdlərin bu prosesə hazırlanmasına və müəllimlərin müvafiq bacarıqlarının inkişafına dəstək verir.

Avstraliyanın Yeni Cənubi Uels ştatında isə təhsil müəssisələri üçün həmyaşıd mediasiyası və bərpaedici yanaşmalar üzrə xüsusi metodik materiallar hazırlanıb.

Bu nümunələrin ortaq xüsusiyyəti ondan ibarətdir ki, şagirdlər mübahisənin passiv iştirakçısı kimi deyil, problemin həllində məsuliyyət daşıyan tərəf kimi çıxış edirlər.

Mən hesab edirəm ki, Azərbaycan təhsil sistemində də bu təcrübələrin öyrənilməsi və yerli şəraitə uyğunlaşdırılması faydalı olardı. Bunun üçün ilkin mərhələdə pilot məktəblərin müəyyənləşdirilməsi, müəllimlərin və şagirdlərin maarifləndirilməsi, mediatorların prosesə cəlb olunması və nəticələrin qiymətləndirilməsi məqsədəuyğun addım ola bilər.

Yekun – fikr

Sonda bir məqamı xüsusi vurğulamaq istəyirəm: biz uşaqlara riyaziyyatı, fizikanı, tarixi və digər fənləri öyrədirik. Bəs onlara mübahisə zamanı necə davranmağı, qarşı tərəfi necə dinləməyi, incitdikləri insanla necə barışmağı nə dərəcədə öyrədirik?

Unutmayaq ki, hər bir uşaq gələcəyin valideyni, müəllimi, hüquqşünası, rəhbəri və cəmiyyətin fəal üzvüdür.

Əgər biz bu gün məktəblərdə uşaqlara dialoq, qarşılıqlı hörmət və barışıq mədəniyyətini aşılaya bilsək, sabah daha sağlam münasibətlərə əsaslanan cəmiyyət formalaşdıra bilərik.

Mənim qənaətim budur: mediasiya yalnız mübahisələri həll etmək vasitəsi deyil, mübahisələrin sivil şəkildə həllini bacaran insan yetişdirmək mədəniyyətidir.

Çünki barışıq mədəniyyəti məktəbdən başlayır!

Mövzuya görə xəbərlər