1. Mediasiyada etimad necə yaranır?
Hümmət Əliyev: Mediasiyada etimad ilk növbədə mediatorun tərəflərə münasibətindən və prosesin necə təşkil olunmasından yaranır. Tərəflər bilməlidirlər ki, mediator müstəqil və qərəzsizdir, hər iki tərəfə bərabər yanaşır və heç bir tərəfin maraqlarını digərindən üstün tutmur. “Mediasiya haqqında” Qanunun 4-cü maddəsində könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorun qərəzsizliyi və müstəqilliyi, eləcə də konfidensiallıq mediasiyanın əsas prinsipləri kimi müəyyən edilir. Bundan əlavə, mediatorun prosesin məqsədlərini, tərəflərin hüquq və vəzifələrini aydın izah etməsi də etimadın formalaşmasına kömək edir. Yəni tərəf mediasiyaya daxil olarkən bilməlidir ki, onun fikrinə hörmət ediləcək, məlumatları qorunacaq və qərarı onun öz iradəsi ilə formalaşacaq.
2. Etimad pozularsa nə baş verir?
Hümmət Əliyev: Etimad mediasiyanın əsas dayaqlarından biridir və onun pozulması prosesin səmərəliliyinə ciddi təsir göstərə bilər. Tərəf mediatorun qərəzli davrandığını, konfidensial məlumatların qorunmadığını və ya prosesdə ona bərabər imkan yaradılmadığını düşünərsə, mediasiyaya olan inamını itirə bilər. Belə vəziyyət tərəflərin açıq ünsiyyət qurmasına və qarşılıqlı həll variantları üzərində işləməsinə mane olur. Qanun mediatorun qərəzsizliyinə mane olan hallar olduqda mediasiyanı aparmaqdan imtina etməsini tələb edir. Etik davranış qaydalarında da mediatorun ictimai etimadı qoruması və pozulmuş etimadın bərpası üçün tədbirlər görməsi ayrıca prinsip kimi müəyyən edilib. Buna görə etimadın qorunması sadəcə mənəvi məsələ deyil, mediatorun peşəkar fəaliyyətinin mühüm tələblərindən biridir.
3. Mediator etimadı necə qoruyur?
Hümmət Əliyev: Mediator etimadı ilk növbədə qərəzsizliyi, müstəqilliyi, məxfiliyi və peşəkar davranışı ilə qoruyur. Mediator hər iki tərəfə bərabər münasibət göstərməli, onların öz mövqelərini ifadə etməsinə və təkliflərini təqdim etməsinə bərabər imkan yaratmalıdır. Eyni zamanda, mediasiya zamanı əldə edilən məlumatların konfidensiallığını qorumaq mediatorun ən mühüm vəzifələrindən biridir. Qanuna görə, mediasiya zamanı əldə edilən məlumatlar, o cümlədən tərəflərin bəyanatları, etirafları və mümkün həll variantlarına dair təkliflər, qanunda nəzərdə tutulan istisnalar nəzərə alınmaqla, konfidensial saxlanılır. Mediator həmçinin öz davranışı ilə tərəflərə göstərməlidir ki, onun məqsədi tərəflərdən birini “qalib” çıxarmaq deyil, onların mübahisənin qarşılıqlı məqbul həllinə nail olmalarına şərait yaratmaqdır.
4. Sistem üçün etimad niyə vacibdir?
Hümmət Əliyev: Mediasiyaya ictimai etimad olmadan bu institutun davamlı və səmərəli inkişafını təsəvvür etmək çətindir. İnsanlar bilməlidirlər ki, mediasiya hüquqlarının müdafiəsinə, mübahisələrin konstruktiv həllinə və münasibətlərin qorunmasına xidmət edən etibarlı mexanizmdir. Etimad artdıqca vətəndaşların mediasiyaya müraciət etmək istəyi də artır və bu, mediasiyanın cəmiyyətdə daha geniş tətbiqinə şərait yaradır. Təsadüfi deyil ki, “Mediatorların peşəkar etik davranış Qaydası”nın məqsədlərindən biri də vətəndaşların mediatorlara və mediasiya təşkilatlarına etimadının yüksəldilməsidir. Deməli, hər bir mediatorun peşəkar davranışı yalnız konkret mediasiya prosesinə deyil, bütövlükdə mediasiya institutunun nüfuzuna təsir edir.
5. Cəmiyyətin rolu nədir?
Hümmət Əliyev: Mediasiyaya etimadın formalaşmasında yalnız mediatorların və mediasiya təşkilatlarının deyil, bütövlükdə cəmiyyətin rolu böyükdür. Vətəndaşlar mediasiyanın mahiyyətini, onun məhkəməyə alternativ deyil, mübahisələrin həlli üçün qanunla müəyyən edilmiş alternativ mexanizm olduğunu düzgün bilməlidirlər. Hüquqşünaslar, vəkillər, dövlət qurumları, məhkəmələr, media və vətəndaş cəmiyyəti mediasiya haqqında düzgün və obyektiv məlumatların yayılmasına öz töhfələrini verə bilərlər. Eyni zamanda, mediasiya iştirakçıları da proses zamanı əməkdaşlıq etməli və qarşılıqlı fəaliyyət göstərməlidirlər; Qanunun 6-cı maddəsi mediasiyanın məhz əməkdaşlıq, ünsiyyət və danışıqlar üzərində qurulduğunu müəyyən edir. Cəmiyyət mediasiyanı nə qədər düzgün tanısa və onun imkanlarından nə qədər şüurlu istifadə etsə, bu instituta olan etimad da bir o qədər möhkəm olacaq.



