Bakı. TurkicWorld:
Qubada "Həmkarlar ittifaqları və mediasiya mexanizmləri vasitəsilə əmək mübahisələrinin həlli" mövzusunda tədbir keçirilib.
TurkicWorld-un məlumatına görə, əmək münasibətləri sahəsində mübahisələrin alternativ və səmərəli həlli yollarının müzakirəsinə həsr olunan tədbirdə həmkarlar ittifaqlarının bu prosesdə rolu, mediasiya institutunun imkanları və sosial dialoqun əhəmiyyəti diqqət mərkəzində olub.
Tədbiri giriş sözü ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin (ADİİXİ Hİ RB) sədri Hikmət Nəbiyev açaraq iştirakçıları salamlayıb və tədbirin məqsədi barədə məlumat verib.
Daha sonra Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova çıxış edib.
Tədbirdə Quba 1 saylı Mediasiya Təşkilatının direktoru Hümmət Əliyev mediasiya institutunun əmək mübahisələrinin həllində əhəmiyyəti, mübahisələrin qarşılıqlı anlaşma və razılaşma yolu ilə həllinin üstünlükləri, eləcə də əmək münasibətlərində mediasiyanın tətbiqi imkanları barədə fikirlərini bölüşüb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və sosial-iqtisadi hüquqların müdafiəsi şöbəsinin müdiri Tural Süleymanov da tədbirdə çıxış edərək əmək hüquqlarının müdafiəsi və əmək mübahisələrinin həlli istiqamətində müzakirələrə töhfə verib.
Tədbir çərçivəsində əmək mübahisələrinin alternativ həll mexanizmləri, mövcud praktiki çətinliklər və gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. İştirakçıların sualları cavablandırılıb, mediasiyanın vaxt və maliyyə baxımından səmərəliliyi, tərəflər arasında münasibətlərin qorunması və qarşılıqlı razılaşmanın əldə olunmasında rolu diqqətə çatdırılıb.
Tədbir əmək münasibətlərində mübahisələrin daha səmərəli həlli, işçilərin hüquqlarının müdafiəsi və həmkarlar ittifaqları ilə mediasiya institutu arasında əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli fikir mübadiləsi ilə yadda qalıb.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.




