İlə uğurlu başladıq - batut ginastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi

İlə uğurlu başladıq - batut ginastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi

Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kuboku ilk startdır və yaxşı ki, biz ili uğurlu başladıq.

Bunu Trend-ə batut ginastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi Vladimir Şulikin deyib.

Xatırladaq ki, Azərbaycan gimnastı Selcan Maqsudova Dünya Kubokunda 52.780 xalla gümüş medal qazanıb.

"Uzun müddət böyüklər yaş kateqoriyasında medal yox idi və bu, Selcana psixoloji təzyiq edirdi. İndi düşünürəm ki, mənəvi cəhətdən işləmək daha asan olacaq. Batut gimnastikasında yeni qaydalarla əlaqədar olaraq məşqçinin üzərinə böyük məsuliyyət düşür. Rəqiblərin qiymətlərini yaxından izləmək lazımdır. Beləliklə, bu gün Selcan finalın püşkatmasına əsasən, sonuncu çıxış etdi və artıq digər gimnastların xallarını bildiyimiz üçün hansı kombinasiyanı yerinə yetirəcəyimizə qərar verə bilərdik", - deyə Şulikin bildirib.

Onun sözlərinə görə, Selcan Maqsudovanın proqramı gələcəkdə daha da təkmilləşdiriləcək.

"Əsas startımız İtaliyada keçiriləcək Avropa çempionatı və Bolqarıstanda keçiriləcək dünya çempionatıdır. 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına da lisenziya xalları toplamağa çalışacağıq. Olimpiadaya çıxmaq üçün əlimizdən gələni edəcəyik, lisenziya qazanmaq üçün mümkün qədər hazırlaşacağıq", - deyə baş məşqçi əlavə edib.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın 12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilib. Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edib. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yeni qaydalarına uyğun keçirilib.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilib.