Medal qazanmaq üçün çox çalışırdım - Dünya Kubokunun gümüş medalçısı Selcan Maqsudova

Medal qazanmaq üçün çox çalışırdım - Dünya Kubokunun gümüş medalçısı Selcan Maqsudova

Batut gimnastiakası üzrə Dünya Kubokunun medalını qazanmaq üçün çox və səmərəli çalışırdım.

Bunu Trend-ə Dünya Kubokunun gümüş medalçısı, Azərbaycan gimnastı Selcan Maqsudova deyib.

"Yarışa çox hazırlaşırdım, məşqlər səmərəli keçirdi, bu da çıxışın nəticəsində özünü göstərdi. Qazandığım medaldan çox razıyam. İşimi davam etdirəcəyəm, növbəti yarışlara hazırlaşacam", - deyə gimnast bildirib.

Onun sözlərinə görə, batut gimnastikasında qaydalara edilən dəyişikliklər idmançıların çıxışına müsbət təsir göstərir.

"Məncə, batut gimnastikasının qaydalarına dəyişikliklərin edilməsi yaxşı haldır. Psixoloji olaraq çıxış etmək daha asan oldu, çünki bilirsən ki, ikinci şansın var, ona görə də kombinasiyanı sakit, həyəcansız yerinə yetirirsən", - deyə S.Maqsudova əlavə edib.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın 12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yeni qaydalarına uyğun keçirilir.

İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.