Belarus idmançıları Bakıda keçirilən Dünya Kubokunun sinxron tullanma proqramında qızıl medal qazanıblar

Belarus idmançıları Bakıda keçirilən Dünya Kubokunun sinxron tullanma proqramında qızıl medal qazanıblar

Belarus idmançıları Andrey Buylov və İvan Litvinoviç Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun kişilər arasında sinxron tullanma proqramında qızıl medal qazanıblar.

Trend-in məlumatına görə, gimnastlar 52.810 xal toplayıblar.

Gümüş medalı Danil Kasimov və Kirill Kozlov (Rusiya, 50.820 xal), bürünc medalı isə Dioqo Abreu və Pedro Ferreyra (Portuqaliya, 49.960 xal) qazanıblar.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın 12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yeni qaydalarına uyğun keçirilir.

İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.