Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kubokunun kişilər və qadınlar arasında sinxron tullanma proqramında qalib və mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, qadınlar arasında birinci yeri Türkiyə gimnastları Sena Elçin Karakaş və Sıla Karakuş, ikinci yeri İsveç gimnastları Tea Lilyerut və Lina Syoberq, üçüncü yeri isə Rusiya gimnastları Meri Qolota və Aleksandra Bonartseva tutublar.

Kişilər arasında sinxron tullanma proqramında qızıl medalı Belarus idmançıları Andrey Buylov və İvan Litvinoviç, gümüş medalı Rusiya idmançıları Danil Kasimov və Kirill Kozlov, bürünc medalı isə Portuqaliya idmançıları Dioqo Abreu və Pedro Ferreyra qazanıblar.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın 12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yeni qaydalarına uyğun keçirilir.

İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.