Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun fərdi proqramında qaliblərin mükafatlandırılması mərasimi keçirilib

Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun fərdi proqramında qaliblərin mükafatlandırılması mərasimi keçirilib

Bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kubokunun kişilər və qadınlar arasında fərdi proqramında qalib və mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, qadınların fərdi proqramında İrina Kundius (Rusiya) fəxri kürsünün birinci pilləsini, Seljan Maqsudova (Azərbaycan) ikinci, Giorgia Giampieri (İtaliya) üçüncü yeri tutub.

Kişilər arasında fərdi proqramda qızıl medalı İvan Litvinoviç (Belarsu), gümüş medalı Andrey Buylov (Belarus), bürünc medalı isə Danil Mussabayev (Qazaxıstan) qazanıblar.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın 12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yeni qaydalarına uyğun keçirilir.

İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.