Belarus idmançı İvan Litvinoviç Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda birinci yeri tutub

Belarus idmançı İvan Litvinoviç Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda birinci yeri tutub

Belarus idmançı İvan Litvinoviç Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda kişilər arasında fərdi proqramda birinci yeri tutub.

Trend-in məlumatına görə, gimnast 61.850 bal toplayıb.

İkinci yeri Andrey Buylov (Belarus, 60.800 bal), üçüncü yeri isə Danil Mussabayev (Qazaxıstan, 58.890 bal) tutublar.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın 12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yeni qaydalarına uyğun keçirilir.

İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.