Azərbaycan gimnastı batut gimnastikası üzrə Dünya Kubokunun gümüş medalını qazanıb

Azərbaycan gimnastı batut gimnastikası üzrə Dünya Kubokunun gümüş medalını qazanıb

Azərbaycan gimnastı Selcan Maqsudova 52.780 balla toplayaraq qadınlar arasında fərdi proqramda batut gimnastikası üzrə Dünya Kubokunun gümüş medalını qazanıb.

Trend-in məlumatına görə, qızıl medalı İrina Kundius (Rusiya, 53.900 bal), bürünc medalı isə Corciya Campyeri *İtaliya, 51.820 bal) qazanıblar.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın 12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Yarışda Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.

Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yeni qaydalarına uyğun keçirilir.

İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.