Bakıda yarışlar həmişə yüksək səviyyədə keçirilir - Belaruslu gimnast

Bakıda yarışlar həmişə yüksək səviyyədə keçirilir - Belaruslu gimnast

Bakıda yarışlar həmişə yüksək səviyyədə keçirilir.

Bunu Trend-ə Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunun iştirakçısı Belaruslu gimnast Oleq Ryabtsev deyib.

"Bakıda keçirilən yarışlardan həmişə müsbət təəssüratlar alıram. Təşkilatçılar bütün detallara diqqət yetirirlər, bu, vaxtında gələn nəqliyyata və turnir proqramına da aiddir. Bizə göstərdikləri diqqətə və peşəkar işə görə təşkilat komitəsinə təşəkkürümü bildirirəm", - deyə gimnast bildirib.

Batut gimnastikasında yeni qaydalar haqqında danışan O.Ryabtsev qeyd edib ki, bəzi idmançılar üçün bu böyük bonusdur.

"Yarış zamanı psixoloji gərginlik kifayət qədər güclü olur, təcrübəli və mənəvi cəhətdən güclü insanlar bunun öhdəsindən gəlirlər. Yeni qaydalara keçidlə, elə güclü gərginlik yoxdur, ikinci şansın olduğunu bildiyivə görə bir qədər rahat olursan. Ona görə də psixoloji cəhətdən daha asandır", - deyə gimnast əlavə edib.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın 12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Yarışda Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.

Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yeni qaydalarına uyğun keçirilir.

İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.