Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda kişilər arasında fərdi proqramda finalçılar müəyyənləşib

Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda kişilər arasında fərdi proqramda finalçılar müəyyənləşib

Bu gün Bakıda Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda kişilər arasında fərdi proqramda finalçılar müəyyənləşib.

Trend-in məlumatına görə, finala İvan Litvinoviç (Belarus, 62.000 bal), Andrey Buylov (Belarus, 60.700 bal), Dioqo Abreu (Portuqaliya, 58.150 bal), Pedro Ferreyra (Portuqaliya, 57.460 bal), Danil Mussabayev (Qazaxıstan, 57.030 bal), Kiril Kozlov (Rusiya, 56.520 bal), Gürkan Mutlu (Türkiyə, 56.100 bal) və Kodi Qesuelli (ABŞ, 56.000 bal) vəsiqə qazanıblar.

Xatırladaq ki, yeni qaydalara əsasən, Bakıda keçirilən Dünya Kubokunda kişilər arasında fərdi proqram üzrə təsnifat yarışları iki mərhələdə keçirilib. Yeni Olimpiya dövrəsində batut gimnastikası üzrə təsnifat mərhələsində 31-dən çox iştirakçı olduqda ikinci təsnifat mərhələsi keçirilir. Yarışın miqyasından və iştirakçıların sayından asılı olaraq, ikinci təsnifatda 16 və ya 24 gimnast mübarizə aparır.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın 12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Yarışda Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.

Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yeni qaydalarına uyğun keçirilir.

İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.