Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun final gününə start verilib

Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun final gününə start verilib

Bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kubokunun final gününə start verilib.

Trend-in məlumatına görə, final gününün proqramı iki mərhələdən ibarətdir - əvvəlcə kişilər arasında fərdi proqramda ikinci təsnifat mərhələsi, daha sonra isə kişilər və qadınlar arasında fərdi yarışlar və sinxron tullanmalar üzrə finallar keçiriləcək. İdmançıların final çıxışları saat 14.00-da başlayacaq.

Azərbaycan gimnastı Selcan Maqsudova qadınlar arasında fərdi proqramın finalında çıxış edəcək.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın 12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Yarışda Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.

Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yeni qaydalarına uyğun keçirilir.

İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.