BAKI,TurkicWorld,Yusif Şərifzadə
Hizbullah İsrailin Livanın cənubunda həyata keçirdiyi hücumların intensivləşməsini pisləyib və Livanlı məhbusların azad edilməsinin bu hücumlara haqq qazandırmaq üçün istifadə edilə bilməyəcəyini bildirib. Qrup Livan hökumətini İsraillə birbaşa danışıqlardan imtina etməyə çağırıb.
TurkicWorld xəbər verir ki, Hizbullah yaydığı bəyanatda Livanın cənubunda davam edən İsrail hücumlarını “tam beynəlxalq susqunluq və açıq-aşkar Amerika şərikliyi” şəraitində həyata keçirilən təcavüz kimi qiymətləndirib.
Qrup bildirib ki, bəzi Livanlı məhbusların azad edilməsi mühüm addım olsa da, bu, davam edən hücumlara, işğala və insanların öldürülməsinə göz yummaq üçün əsas ola bilməz.
Hizbullahın açıqlamasında azad edilən məhbusların Livana qarşı İsrail siyasətinin nəticələrini ört-basdır etmək üçün istifadə edilməsinin qəbuledilməz olduğu vurğulanıb.
Söhbət cümə günü İsrailin saxladığı dörd Livan vətəndaşının Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilməsindən gedir.
Hizbullah həmçinin Livan hökumətini İsraillə “nəticəsiz birbaşa danışıqlardan” və “uğursuz çərçivə sazişindən” imtina etməyə çağırıb.
Məlumata görə, aralarında mülki şəxslərin də olduğu onlarla Livan vətəndaşı İsrailin saxlanma mərkəzlərində qalır.







